Ukrayna Müdafiə Qüvvələri Vladimir vilayətində yerləşən Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan “Wildberries” şirkətinin logistika mərkəzinə FP-1 pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə şirkəti Fire Point məlumat yayıb.
Bildirilib ki, hədəfə alınan logistika kompleksi “Wildberries”in Mərkəzi Rusiyadakı ən iri anbarlarından biridir. Tam gücü ilə fəaliyyətə başladıqdan sonra obyektin sahəsinin təxminən 175 min kvadratmetr, tutumunun isə 120 milyondan çox məhsul olacağı planlaşdırılır.
“Fire Point”in məlumatına görə, iri logistika mərkəzlərinə endirilən zərbələr Rusiyanın təchizat zəncirlərini pozur, infrastrukturun bərpası xərclərini artırır və ölkənin ən böyük elektron ticarət şirkətlərindən birinin fəaliyyətinə mənfi təsir göstərir.
Şirkətin açıqladığı statistikaya əsasən, avqustun 3-dək “Wildberries”in 26 ən böyük logistika mərkəzindən 17-si fəaliyyət qabiliyyətini itirib. Bu, iri anbarların təxminən 65 faizinə, şirkətin ümumilikdə 200-ə yaxın logistika obyektinin isə təxminən 8 faizinə bərabərdir.
Qeyd olunub ki, Vladimir vilayətindəki regional logistika mərkəzi də “Wildberries”in ən strateji obyektlərindən biri hesab olunur və region üzrə məhsulların paylanmasında mühüm rol oynayır.
