ABŞ Avropadakı hərbi mövcudluğunu yenidən nəzərdən keçirməsi çərçivəsində İspaniyada yerləşən təxminən 2 min hərbçisini geri çəkməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Handelsblatt qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Ev bu addımı İspaniyanın ABŞ-yə İranla müharibə zamanı öz ərazisindəki hərbi bazalardan istifadə etməyə icazə verməməsinə cavab olaraq qiymətləndirir.
Nəşr yazır ki, bu, yazda Almaniyadan 5 min ABŞ hərbçisinin çıxarılacağı ilə bağlı elan edilmiş qərara əlavə ixtisar olacaq. Bildirilir ki, Vaşinqtonun Avropadakı hərbi mövcudluğunun yenidən təşkilinin regionun təhlükəsizliyinə əhəmiyyətli təsir göstərə biləcəyi gözlənilir.
Eyni zamanda, ABŞ Konqresində bəzi respublikaçı qanunvericilər Avropadakı hərbi kontingentin azaldılması planını tənqid edir. Onlar Almaniya və İspaniyadan çıxarılacaq qüvvələrin tamamilə geri qaytarılması əvəzinə, Avropanın digər ölkələrinə yerləşdirilməsini təklif edirlər.
