ABŞ İranın Mahan Air aviaşirkəti ilə əlaqəli olduğu iddia edilən bir Rusiya şirkəti və daha dörd xarici quruma qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında dərc olunub.
Məlumata görə, sanksiyalar Moskvada yerləşən Air Cargo Pro nəqliyyat şirkətinə, eləcə də Çin, İran və Hindistandan olan dörd şirkətə şamil edilib. Bundan əlavə, Çin vətəndaşı da sanksiya siyahısına daxil edilib.
ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, sanksiyalara məruz qalan şəxslər və şirkətlər ABŞ-ın sanksiyalarına məruz qalmış İranın Mahan Air aviaşirkəti ilə əməkdaşlıq ediblər.
ABŞ qanunvericiliyinə əsasən, sanksiya siyahısına daxil edilən şəxslərin və qurumların ABŞ yurisdiksiyasındakı aktivləri dondurulur. Eyni zamanda, ABŞ vətəndaşlarına və şirkətlərinə həmin şəxslər və təşkilatlarla hər hansı maliyyə və ya kommersiya əlaqəsi qurmaq qadağan olunur.
