Əks göstəriş sertifikatı almaq üçün Bakıdakı Səbail rayonu, Bayıl qəsəbəsi 15 saylı poliklinikaya müraciət edən Könül Orucova Səhiyyə Nazirliyinə şikayət məktubu ilə müraciət etmişdi.
Ucnoqta.az E-saglam.az-a istinadən xəbər verir ki, bu gün artıq əks-göstəriş sertifikatının verilməsi ilə bağlı yaşanılan problem nəhayət ki, öz həllini tapıb.
Belə ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova şikayət ərizəsi ilə müraciət edən Könül Orucova ilə əlaqə saxlayaraq şikayətə baxıldığını və əks-göstəriş sertifikatının verilməsi ilə bağlı heç bir problemin olmadığını bildirib.
A. Sultanova qeyd edib ki, yeni qərara əsasən 2 yaşına qədər uşağı olan analara əks-göstəriş sertifikatının verilməsi üçün artıq uşaq poliklinikasına müraciət etməyə ehtiyac yoxdur.
Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının qərarına əsasən, uşaqların 2 yaşına kimi ana südü ilə qidalandırılması faydalıdır.
Yeni qərar övladı 2 yaşına kimi olan analara şamil olunur.
Əks-göstəriş sertifikatını almaq üçün, uşağın doğum haqqında şəhadətnamasi və ananın şəxsiyyət vəsiqəsi ilə böyüklər üçün olan poliklinikaya yaxınlaşıb müraciət etmək kifayətdir.
