ABŞ-ın Merilend ştatında federal dairə məhkəməsi çərşənbə günü prezident Donald Trampın ölkədə “doğuş turizmi”ni qadağan etməyə yönəlmiş sərəncamının icrasını müvəqqəti dayandırıb.
Ucnoqta.az xəbər verir ki, məhkəmənin qərarına əsasən, Vaşinqton administrasiyası sərəncamın bir sıra əsas müddəalarının icrası ilə bağlı hələlik tədbir görə bilməz.
Tramp sərəncamı avqustun əvvəlində imzalayıb. Sənəd ABŞ-a övladını dünyaya gətirmək və bununla uşağın avtomatik olaraq ABŞ vətəndaşlığı əldə etməsini təmin etmək məqsədilə gələn xarici vətəndaşların qarşısını almağa yönəlib.
Məhkəmənin qərarı yekun deyil və iş üzrə araşdırmalar davam edir. Proses miqrantların hüquqlarını müdafiə edən təşkilatların qaldırdığı iddia əsasında başlanıb.
Merilend federal məhkəməsi hesab edib ki, Trampın sözügedən sərəncamı ABŞ Ali Məhkəməsinin əvvəlki qərarı ilə ziddiyyət təşkil edir.
Sərəncama əsasən, ABŞ-da qanunsuz yaşayan valideynlərin övladlarına, eləcə də anası ölkəyə müvəqqəti əsaslarla, o cümlədən vizasız rejim, təhsil, iş və ya turist vizası ilə daxil olan və atası ABŞ vətəndaşı və ya daimi yaşayış icazəsi sahibi olmayan uşaqlara doğum yolu ilə vətəndaşlıq verilməsinin qarşısının alınması nəzərdə tutulurdu.
