DGK Tibbi Xidmət İdarəsinin ilin yekunlarına dair hesabat iclası keçirilib

16:24 - 29 Dekabr 2024 - Xəbər

28 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

İclasda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Mərkəzi Gömrük Hospitalının, Elmi-Təcrübi və Tədris Mərkəzinin, Sanitar-Karantin Xidmətinin və Həkim-Tibb Komissiyasının əməkdaşları iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov iclas iştirakçılarını salamlayaraq cari il ərzində Xidmət tərəfindən görülmüş işlər və həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirib. İdarə rəisi Mərkəzi Gömrük Hospitalının istifadəyə verilməsi nəzərdə tutulan yeni korpusunun açılışına hazırlıq, 2025-ci il üçün hədəflərdən söz açaraq, göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsi üçün öz tövsiyələrini verib.

Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev hesabat nitqi ilə çıxış edərək il ərzində gömrük əməkdaşlarına və əhaliyə göstərilən tibbi xidmətlərin sayının artdığını, pasiyent yönümlü fəaliyyətlərin təşkili istiqamətində mütəmadi tədbirlərin həyata keçirildiyini, İcbari Tibbi Sığorta Agentliyi və özəl tibbi sığorta şirkətləri ilə əməkdaşlığın genişləndirildiyini və Hospitalın cari il ərzində bir neçə yeni müasir tibbi avadanlıqlarla təchiz edildiyini vurğulayıb.

Həmçinin, Bəxtiyar Musayev 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası tədbirində fəal iştirak edərək cənab Prezident İlham Əliyev tərəfindən təşəkkürnamə ilə təltif edilmiş Mərkəzi Gömrük Hospitalının 5 əməkdaşının təltif edilməsini qeyd edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov 2024-cü ilin yekunlarına dair maliyyə göstəriciləri və 2025-ci il üçün nəzərdə tutulmuş maliyyə proqnozu, Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Sanitar-Karantin Xidməti tərəfindən həyata keçirilmiş fəaliyyətlər, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov tərəfindən ETTM-in cari il ərzində həyata keçirdiyi tədbirlər, sosial aksiyalar, beynəlxalq konfranslar və seminarlar, Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqı Komitəsinin sədri Şəhla Mirzəzadə isə əməkdaşların sosial rifahı və asudə vaxtının səmərəli təşkili istiqamətində keçirilmiş fəaliyyətlər haqqında hesabat nitqi ilə çıxış ediblər.
İdarə rəisi Ceyhun Məmmədov iclasın sonunda əməkdaşlara 2024-cü il ərzində göstərdikləri uğurlu xidmətlərə görə təşəkkür edərək, 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Hesabat iclası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi tərəfindən 2024-cü il ərzində görülmüş işlərin xülasəsini əks etdirən fotokollajın nümayişi ilə yekunlaşıb.

Xəbər xətti