Mingəçevirdə məişət zorakılığı ilə bağlı tədbir keçirilib

13:34 - 24 İyul 2024 - Cəmiyyət

“Humanitar Tədqiqatlar” İctimai Birliyi məişət zorakılığı ilə bağlı növbəti maarifləndirmə tədbirini Mingəçevirdə keçirib.

Tədbirdə Mingəçevir şəhərindən olan 21 nəfər iştirak edib. Tədbiri giriş  sözü ilə açan “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova həyata keçirilən layihə ilə bağlı iştirakçılara məlumat verib.

M.Məmmədova bildirib ki, “Məişət zorakılığına qarşı mübarizə ilə bağlı hüquqi maarifləndirmə” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, risk qrupundan olan qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara hüquqi konsultasiya xidmətinin  göstərilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir.

Daha sonra çıxış edən layihənin eksperti Xalid Kazımov Azərbaycanda məişət zorakılığının qarşısının alınması üçün mövcud hüquqi çərçivə ilə bağlı məlumat verib.

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanunla bağlı məlumat verən X.Kazımov məişət zorakılığı problemi, məişət zorakılığından müdafiə mexanizmləri, qısamüddətli və uzunmüddətli mühafizə orderinin verilməsi qaydaları ilə bağlı iştirakçılara məlumat verib: ““Respublikamızda  məişət zorakılığına məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb. 2014-cü ildə Azərbaycanda zorakılığa məruz qalan 3, 2015-ci ildə isə 6 nəfərə uzunmüddətli mühafizə orderi verilib. 2016-cı ildə  7 nəfərə mühafizə orderi verilib ki, onlardan 3-ü qısa, 4-ü uzunmüddətli olub. 2017-ci ildə isə 24 uzunmüddətli,10 qısamüddətli order verilib. 2020-ci ildə 40 mühafizə orderi verilib. Həmin mühafizə orderinin 2-si uzunmüddətli, 38-i isə qısamüddətli olub. 2021-ci ilin 9 ayında verilən 73 mühafizə orderindən 4-ü uzunmüddətli, 69-u isə qısamüddətli olub.

2023‑cü ildə 180‑ı qısamüddətli, 16‑sı uzunmüddətli olmaqla, ümumilikdə 196 mühafizə orderi icraatda olub. Onlardan 187‑si qadınlar, 9‑u kişilər barədə verilib”.

Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov məişət zorakılığına yol vermiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi yolları və üsulları ilə bağlı danışıb: “2022-ci ildə 9 864 şikayətlə müqayisədə, 2023-cü ildə Daxili İşlər Nazirliyi məişət zorakılığı ilə bağlı 9 389 şikayət qeydə alıb, bu da cüzi azalma olduğundan xəbər verir. Lakin qeydiyyata alınan halların sayında bu azalmaya baxmayaraq, bu rəqəmlər ölkədə məişət zorakılığı ilə mübarizə sahəsində davam etməkdə olan problemi göstərir. 2023-cü ildə qeydiyyata alınmış hadisələrlə əlaqədar 1386 nəfər məişət zorakılığı ilə bağlı cinayətlərə görə məsuliyyətə cəlb olunub. Onlardan 88-i qadın və 1298-i kişidir, onlar məişət zorakılığı ilə bağlı 1482 cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edilib. Buna baxmayaraq məişət zorakılığı qurbanı olanlar da var. Belə ki, 2023-cü ildə 1224 qadın və 289 kişi məişət zorakılığının qurbanı olub. Ən narahatedici məlumatlar arasında ailə münaqişələri və qısqanclıq səbəbindən törədilən zorakılıq halları da var. Bu hadisələr nəticəsində 49 qadın qurban olub. Bu hadisələrdən 47-si qəsdən adam öldürmə ilə bağlıdır, bir hadisə intihara gətirib çıxarıb, digərində isə sağlamlığa qəsdən ağır zərər yetirilib”.

A.Nurməmmədov daha sonra zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin edilməsi qaydaları, məişət zorakılığına məruz qalanlar üçün yardım mərkəzləri, sığınacaqlar, zorakılığa məruz qalan şəxslərin hara və kimə müraciət edə bilmələri üçün mövcud qaynar xətlərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda layihənin hüquqşünası Araz Nurməmmədov tərəfindən risk qrupundan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərilib.

Xəbər xətti