“Qışqıran valideynlər övladlarında qorxu “mədəniyyət”ini bəsləyir”

12:32 - 11 Fevral 2019 - Cəmiyyət

Fərqanə Mehmanqızı: “Bağıraraq böyüyən uşağın gələcəkdə sağlam bir şəxsiyyət kimi formalaşmasını gözləmək çox gülüncdür”

Mütəxəssislərin fikrincə, uşağa qışqırmaq ona qarşı edilən fiziki zorakılıqla eyni sayılır. Bu, həm də valideynlə övladı arasında münasibətdə güvənin sarsılmasına səbəb olur. Alimlər hesab edirlər ki, valideyn uşağına bərabərhüquqlu biri kimi yanaşmalı, baş verənlərə yumorla reaksiya verməli, həmişə nəyi sevdiyi, nə ilə məşğul olduğu ilə maraqlanmalıdır. Valideyn uşağını cəzalandırmaq istəyəndə zorakılıq göstərməməli, uşağın üstünə qışqırmamalı, ona hər hansı məhdudiyyətlər qoymamalıdır. 
Mütəxəssislər deyir ki, uşağı incidəndə, ya stress yaşadanda onda hormonal dəyişikliklər baş verir, bədəndə iltihab prosesləri başlayır, ürək-damar sistemi əziyyət çəkir. Bundan başqa, uşaqlar depressiyaya meylli olurlar.

“Üç nöqtə” qəzetinin qonağı psixoloq Fərqanə Mehmanqızıdır.

“Analarımız da bizim üstümüzə qışqırıb, bizi döyüb”

Həmsöhbətim bildirir ki, uşaqlarına qışqıran valideynlər bu günün bəlasıdır və bu, çox önəmli bir nöqtədir: “Analar uşaqlarla birlikdə daha çox vaxt keçirdikləri üçün ilk öncə analardan danışmaq istəyirəm. Onların uşaqlarına olan münasibəti doğrudan da tərbiyələrində çox əhəmiyyətli rol oynayır. Valideyndən uşağın üstünə qışqırmağının səbəbini soruşanda deyir:, analarımız da bizim üstümüzə qışqırıb, bizi döyüb. Bunun bizə heç bir ziyanı olmayıb. Biz də uşağımıza qışqırsaq heç nə olmaz”.

“Uşaqlarınızı öz zamanınıza deyil, onun yaşadığı zamana uyğun yetişdirmək lazımdır”

Psixoloq deyir ki, valideynlərin  vaxtilə edikləri hərəkətlərini indi bizim təkrar etməyimizə ehtiyac yoxdur: “Bir dəfə kitabda oxumuşdum ki, ana çörək bişirən zaman hər dəfə xəmirin kənarlarını kəsir, daha sonra tavaya qoyurmuş. Qızını da öyrədir ki,  yetkin yaşa gələndə, ailə quranda çörək bişirərkən belə etsin. Qızı səbəbini soruşanda anası deyir ki, bunun səbəbini bilmir, amma anası çörək bişirərkən bu cür hərəkət edirmiş.
Qız nənəsinə zəng edib soruşur ki, nənə, sən niyə hər dəfə çörəyin kənarını kəsib tavaya qoyurdun? İndi anam da sənin kimi hərəkət edir. Nənəsi deyir: Gözəl nəvəm bunun cavabı çox sadədir; mənim tavam balaca idi və  bu səbəbdən də xəmirin kənarını kəsirdim ki, ona yerləşə bilsin. Bax elə burdan da görünür ki, əslində valideynlərimiz nəyi edirsə, onu təkrar etməyə ehtiyac yoxdur. Burda Həzrət Əlinin bir sözü yadıma düşür. O deyib: uşaqlarınızı öz zamanınıza görə deyil, onun yaşadığı zamana uyğun yetişdirmək lazımdır”.

F.Mehmanqızının sözlərinə görə, valideynlər uşaqlara bağırmalarını müdafiə edərkən qəribə müdafiə səbəbləri göstərirlər və deyirlər: uşağın başını balaca vaxtı kişmişlə əzməsən, böyüdükcə idarə edə bilməyəcəksən. Bundan başqa deyirlər ki, uşaqlara qışqırmaqla onların özlərini pis aparmalarının qarşısını alırlar. Təbii ki hər bir uşaq ailədə kimin söz sahibi olduğunu bilməlidir. Amma bunu bağıraraq, qışqıraraq öyrətmək olmaz. Bəzi valideynlər deyir ki, bağırmaq şiddət deyil. Özlərinə haqq qazandırmaq üçün deyirlər- mən uşağımı vurmuram, fiziki şiddət göstərmirəm, ancaq qışqırıram. Biz unutmamalıyıq ki, şiddət fiziki, duyğusal və psixoloji olur. Qışqırmaq da o şiddətlərdən biri sayılır”.

“Valideyn uşağına seçim  imkanı verməlidir”  

Bəzi valideynlər uşaqlarından böyük kimi rəftar etməyi gözləyirlər. Psixoloqun sözlərinə görə, uşaqlar böyüklər kimi davranmadıqda narazı qalır çıxış yolunu onlara qışqırmaqda görürlər: “Düşünürlər ki, onların övladları nadinclik, yaramazlıq etməməlidir. “Uşaq məni dəli etmək istəyir, ona görə qışqırıram” deyirlər. Bu kimi səbəblər gətirirlər. Hər bir valideyn bilməlidir ki, uşağına bağırdığı zaman onları qorxudurlar. İşarət barmaqlarını övladlarına  istiqamətləndirib hədə-qorxu gəlməklə onları tərbiyə etmək  mümkün deyil. Bu hərəkətlə valideynlər övladlarında günahlandırma duyğusu yaşadırr və bu duyğunu təlqin edirlər. Misal üçün, çöldə yağış yağır, uşaq nazik ayaqqabı geyinib çölə çıxmaq istəyirsə, valideyn ona bağırmamalıdır.

Bunun yerinə, deyə bilər ki, uzunboğaz çəkmələrini geyinsən daha yaxşı olar.  Uşaqlara hər zaman seçim imkanı verilməlidir. Bağırmaq uşağın daxilində günahkarlıq hissinin yaranmasına səbəb olur. Qışqıran valideynlər övladlarında qorxu  hissi yaradır. Və bu uşaq böyüyəndə hər kəsə qarşı günahkarlıq hissi yaşayacaq. Qışqıran valideyn övladı ilə arasında olan güvən bağını zədələyir”.

“Uşağın üstünə bağıran zaman o, problemin məğzini başa düşmür, sadəcə qorxduğu üçün sakit durur”

Müsahibimin fikrincə, bağırmaq, qışqırmaq uşağın gələcəkdə şəxsiyyət kimi inkişafına mənfi təsir edir, yaxşı insan olmaq ruhunu zədələyir: “Bağıraraq böyüyən uşağın gələcəkdə sağlam bir şəxsiyyət kimi formalaşmasını gözləmək çox gülüncdür. Uşağın üstünə bağıran zaman o, problemin məğzini başa düşmür, sadəcə qorxduğu üçün sakit durur. Əgər valideyn problemin məğzini oturub uşaqla müzakirə etsə, bəlkə də uşaq bu səhvi bir də etməz. Çox vaxt valideynlər şikayətlənirlər- uşağım məni eşitmir. Valideyn düşünməlidir ki, o, övladına sözü hansı tərzdə deyir ki, övladı onu anlamır?”.   

“Qışqırmaq uşaqların duyğularında sanki bir xərçəng xəstəliyi yaradır”

Psixoloqun sözlərinə görə, valideynlər bağıraraq uşaqda özünəqapanıqlıq, eqoistlik yaradır və onların empati duyğusunu korlayırlar: “Qışqırmaq uşaqların duyğularında sanki bir xərçəng xəstəliyi yaradır. Böyüdükcə duyğusal və ruhsal anlamda bütün mənəviyyatına yeriyir, çünki uşaq bir ömür boyu əziklik sindromundan əziyyət çəkir”.

“Qışqırmaq işə yaramadıqda valideyn fiziki şiddətə keçir” 

Mütəxəssis bildirir ki, qışqırılaraq valideynləri tərəfindən böyüdülən uşaqlarda daxili disiplin olmur: “Onların böyüyəndə də daxili qaydaları olmur. Müəllimi, yaxud iş yerində müdiri ona qışqırır, danlayır. Yəni onların şəxsi aləmlərində disiplinləri olmur. Belə uşaqlarda vicdan məsələsi problemə gətirib çıxarır.  Düşünür ki, uşaqlığında ona qarşı vicdansızlıq olub. Bundan dolayı özü də vicdansız olmağa başlayır.  Psixoloq deyir ki, bəzi valideyn uşağının üstünə qışqırmaqla özlərində bir rahatlıq tapırlar. Bir müddətdən sonra onların bu hərəkəti bir işə yaramayacaq.

Qışqırmaq işə yaramadıqda isə valideyn məcburi şəkildə fiziki şiddətə keçməyə başlayacaq. Valideynlər özlərinin avtoritetliyini göstərmək, dediyini həyata keçirmək  üçün fiziki zorakılığa üstünlük verəcək. Onlar dediklərinin uşağın xoşuna gəlib-gəlmədiyinin müzakirə belə etmirlər,öz istəklərinii yerinə yetirmək istəyirlər. Övladda belə bir fikir yaranır ki, məni olduğum kimi sevmirlər, qəbul etmirlər. Çünki valideyn uşağının üstünə qışqırdığı zaman təhqir və tənqidlər edir. Bu məsələlərə xüsusi fikir vermək lazımdır, çünki bu uşağın şəxsiyyətinə toxunur”.

Uşaqların üzərinə qışqırmaq ədalətsizlik və insafsızlıqdır

F.Mehmanqızı vurğuladı ki, valideyn övladı ilə oturub söhbət etməli və ona “olmaz” ın səbəbini izah etməlidir. Hər kiçik səbəbdən onun üstünə qışqırmaq insafsızlıq və ədalətsizlikdir: “Məncə, biz bu ədalətsizliyi övladımıza öyrədirik və bir gün o da  bizim üstümüzə qışqıracaq. Bəzən valideyn deyir ki, övladım məni anlamır. Amma burada valideynə sual vermək lazımdır- sən anlamağı, empati qurmaq qabiliyyətini ona öyrətmisənmi? Yaxud valideyn deyir ki, övladım məni dinləmir. Bəs sən özün övladını dinlədinmi? Belə bir söz var, oha var dağdan endirər, oha var dağa qaldırar.

Hər bir sözün deyilmə qaydası var. Bəzən valideynlər övladlarına deyir: oyuncaqlarını yığışdır, yoxsa hamısını zibilliyə ataram. Bu düzgün yanaşma deyil, bunun əvəzinə “gəl görək, hansımız daha tez oyuncaqları yığışdıracağıq”, deyərək uşaqda həvəs yaratmalıyıq. Çünki belə olanda uşaq oyuncaqları tez yığışdırmağa özü maraqlı olacaq. Bəzən analar deyir ki, qışqırmaq istəmirəm, amma uşağım məni məcbur edir. Bu isə o deməkdir ki, artıq övlad valideyni idarə edir, ana idarə olunur. Bu zaman valideyn deyə bilməz ki, evdə avtoritet mənəm. Yetişkənlərin, böyüklərin dünyasında çığırıb-bağırmaq, artıq təhqir olunma sayılır. Artıq həmin uşağın özgüvəni, eqosu olmur. Sabahı gün onun üzərinə kimsə qışqıranda da çox adi qəbul edir”.

Könül Oruc

 

Xəbər xətti