Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarının vətəndaşlarını qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.