Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda tanışını bıçaqlamaqda təqsirləndirilən İlkin Novruzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Ucnoqta.az report-a istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabr ayında Şabranın mərkəzində yerləşən bazarda baş verib. 1992-ci il təvəllüdlü İ.Novruzov tanışı 1996-ci il təvəllüdlü Elməddin Əmiraslanovla aralarında yaranan şəxsi münasibətlər zəminində mübahisə edib. İ.Novruzov tanışına bir neçə bıçaq zərbəsi vurub.
22 yaşlı E.Əmiraslanov Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində İ.Novruzov saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.