Vaqif Qarayev: “Valideynə uşağı qızılcadan qorumaq üçün peyvəndi məsləhət görə bilərəm”
“Virus xəstəliklərində antibiotiklərin qəbulu qətiyyən yolverilməzdir”
“Virus, bakteriya, parazitlər tamam fərqli gedişat törədirlər. Viruslarda antibiotikin heç bir faydası yoxdur, əksinə vəziyyəti get-gedə ağırlaşdırır. Amma bizdə valideynə aptekdə əczaçı ən azı iki antibiotik təklif edir. Bu qətiyyən qəbul olunmazdır. Antibiotiklərin fəsadları həddindən artıq çoxdur. Bəzən həkimlər də buna gedir, çünki valideynlər təkid və israr edirlər. Valideyn deyir ki, qonşum uşağını filan dərmanla sağaltdı və s. Hər xəstədə gedişat fərqli olur axı, hər uşağa fərdi yanaşmaq lazımdır. Virus xəstəliklərində antibiotiklərin qəbulu qətiyyən yolverilməzdir və özünü müalicə ilə məşğul olmaq təhlükəlidir”. Bu sözləri bizimlə söhbətində pediatr Vaqif Qarayev dedi. Həmsöhbətimlə mövsümdə yayılan xəstəliklərdən, qripdən, peyvənddən və digər məsələlərdən danışdıq.
- Mövsümə bağlı uşaqlarda xəstəliklər çoxalıb. Bir az bu barədə danışaq...
- Bu xəstəliklər müxtəlifdir. Xüsusilə ilk diqqəti çəkən qripdir. Əslində insanlar bir sıra xəstəliklər var ki, onları da qripə aid edirlər. Əslində qrip ayrıca bir törədicisi olan, ağır gedişatlı, çox ciddi ağırlaşmaları olan xəstəlikdir. Vaxtilə 100 milyonların həyatına son qoyan epidemiyalar olub. Bizdə rəsmi qrip adında xəstəlik təsdiqini tapmayıb. Amma camaat arasında belə bir şey var, burnu tutulanda, boğazı ağrıyanda, zökəm olanda deyirlər qripəm. Qrip deməyək, bu ciddi bir xəstəlikdir. Yuxarı tənəffüs yollarını zədələyən müxtəlif viruslar var. Mövsümlə bağlı olaraq bu viruslar geniş yayılıb. Soyuqdəymə, tibbi dildə desək, kəskin respirator xəstəliklər. Nə qədər desək də, insanlar buna qrip deyir. Özü də çox maraqlıdır ki, camaat hər sonrakı il daha ağır qrip oldum deyə şikayətlənir. Əslində nə əvvəlki qrip idi, nə də indiki... Bu mövsümi soyuqdəymədir.
- Gürcüstanda artıq 18 nəfər “donuz qripi”ndən dünyasını dəyişib. Bu xəstəliyin bizim ölkəyə keçmə ehtimalı varmı?
- Qripin müxtəlif növləri (A, B, C) var. Donuz qripi A qrupuna aid modifikasiyadır. Son illər peyda olub və çox ağır geçir. Qonşu Gürcüstanda bu xəstəlikdən 18 nəfər həyatını dəyişdi. Düzdür, orada çox güclü epidemiya yoxdur. Təzad da elə orasındadır ki, xəstə sayı azdır, amma ölən çoxdur. Hər gün gürcü saytlarını izləyirəm, artıq son günlər elə də xoşagəlməyən xəbər yoxdur. Amma Gürcüstanda qızılca var, o da ölkəmizə keçə bilər.
- Uşaqlar arasında xəstəliklər ötən il, yoxsa bu il daha çoxdu?
- Ötən il uşaqlar arasında xəstələnmə halları bundan çox idi, ağırlaşmalar var idi. Bu il kütləvi xəstələnmələr yoxdur. Valideynlər əsasən qızdırma və öskürəkdən narazılıq edirlər. Burun tutulması, boğaz ağrısı, öskürək, zəiflik, süstlük, yüksək qızdırma indiki xəstəliklərin əlamətləridir.
- Bunun qarşısını almaq üçün nələr etmək lazımdır?
- Qarşısını almaq və yoluxmamaq üçün bir sıra qaydalara əməl etmək lazımdır. İlk növbədə xəstə uşaq kollektivə, bağçaya və məktəbə getməməlidir. Ona görə ki, ya uşaq özü gec sağalacaq, ağırlaşma ehtimalı çoxalacaq, ya da kollektivdə yanında olan sağlam uşaqları yoluxduracaq. Evdə sağalmalı olan uşaq xəstəxanaya düşəcək. Biz əgər bunu lokallaşdırmaq istəyiriksə, birmənalı şəkildə kollektivdə xəstə uşaqlar olmamalıdır. Bunun isə öhdəsindən gələ bilmirik. Bağça və məktəblərə valideyn xəstə uşağını qoyub gedir və deyir ki, bu cür hərəkət etməsə, işə gedə bilməz. Bunlar çox qeyri-ciddi arqumentlərdir. Hansısa valideyn həmin gün işə gedəcək deyə niyə onun xəstə uşağı digər uşaqları yoluxdurmalıdır axı? Valideynlərin bəziləri bunu anlamaq istəmir. Demək olar ki, bu barədə hər gün yazırıq, deyirik. Amma yenə də alınmır ki, alınmır.
İkinci növbədə isə xəstəliyə yoluxmamaq üçün əlləri təmiz saxlamaq lazımdır. Çünki insanın ən çirkli yeri əlləridir. Qoruyucu maskalar öz yerində, amma gün ərzində əlləri dəfələrlə sabunlu su ilə yumaq lazımdır, bu mütləqdir. Təmiz hava qəbul etmək çox vacibdir. Amma təmiz havaya çıxanda ağız-burnunu şərflə bağlamaq düzgün deyil, təmiz havaya ona görə çıxılır ki, bununla nəfəs alınsın. Otağın havasını tez-tez dəyişmək lazımdır. Müqaviməti artırmaq üçün qida rasionu meyvə-tərəvəzlə zəngin olmalıdır”.
- Bəzən valideynlərin özləri övladlarını müalicə edirlər. Bu nə dərəcədə düzgündür?
- Özünümüalicə qətiyyən yol verilməzdir. Qızdırma varsa, valideyn qızdırma salıcı vasitələrin terapevtik dozasını verə bilər, parasetamol, nurofen və s. bu dərmanların birdəfəlik dozasını verə bilər. Digər müalicələri isə mütləq həkim təyin etməlidir. Virus, bakteriya, parazitlər tamam fərqli gedişat törədirlər. Viruslarda antibiotikin heç bir faydası yoxdur, əksinə vəziyyəti get-gedə ağırlaşdırlar. Amma bizdə valideyn aptekə daxil olanda əczaçı ən azı iki antibiotik təklif edir. Bu qətiyyən qəbul olunmazdır. Antibiotiklərin fəsadları həddindən artıq çoxdur. Bəzən həkimlər də buna gedir, çünki valideynlər təkid və israr edirlər. Valideyn deyir ki, qonşum uşağını filan dərmanla sağaltdı və s. Hər xəstədə gedişat fərqli olur axı, hər uşağa fərdi yanaşmaq lazımdır. Virus xəstəliklərində antibiotiklərin qəbulu qətiyyən yolverilməzdir və özünümüalicə ilə məşğul olmasınlar.
- Bəzən insanlar virusla bakteriyaları qarışdırırlar. Bir az bu barədə məlumat verərdiniz...
- Viruslar bakteriyalardan fərqlənir, bakteriyalar daha ağırdır. İnfeksiya yuxarı tənəffüs yollarından - burun, udlaqdan aşağıya - bronxlara, ağciyərlərə düşür. Belə olan halda isə vəziyyət ciddiləşir. Buna ağırlaşma deyirik. Düzdür, virus pnevmoniyası (sətəlcəm) da var, amma daha çox bakterial ağırlaşmadan olur.
- Peyvənd barəsində bir az məlumat verərdiniz. Bəzən valideynlər könüllü şəkildə bundan imtina edirlər. Peyvənd vurulmazsa, bunun sonradan hansı fəsadları ortaya çıxa bilər?
- Qriplə bağlı peyvənd Avropada çox məşhurdur. Qrip peyvəndi oktyabr-noyabr aylarında vurulur. Xüsusi təşkilatlar il boyu monitorinq aparırlar. Və bu il Azərbaycana qripin hansı növünün gələcəyini öyrənirlər. Əvvəlcədən xəbərdarlıq edirlər, oktyabr-noyabr aylarında buna qarşı peyvənd vurulur. Yəni peyvənd olunur ki, uşaq bu qripin növünə yoluxmasın, yoluxsa da yüngül keçirsin. İstənilən halda peyvəndin heç bir ziyanı yoxdur. Heç olmasa gələcəkdə vurdurduğu ştampa qarşı onda davamlılıq yaranacaq. Amma bizdə peyvənd məsələsi çox bərbad haldadır, əhali peyvəndə çox pis yanaşır. Təkcə qripə görə yox, peyvənd altına düşən xəstəliklər var, göy öskürək, qızılca, məxmərək, hepatit və s. Dünya tibb ədəbiyyatı bu xəstəliklərdən qorunmaq üçün yeganə bir yol olaraq peyvəndi göstərir. Dünyadan ağıllı deyilik ki... Valideynlər gəlib deyir ki, filan yerdən oxudum, iflic, karlıq-korluq yaradır. Bunlar həqiqətə uyğun olmayan şeylərdir.
Məsələn, valideyn qızılcadan necə qorunmağı məndən soruşanda həkim olaraq yalnız peyvəndi məsləhət görə bilərəm. Bu xəstəliklərin başqa qorunma yolları yoxdur. Valideyn peyvənd olunmamış uşağı üçün göy öskürəklə bizə müraciət edirlər. Peyvənd etdirmirlər, səbəbini soruşanda isə deyir ki, rəfiqəm belə dedi, filan yerdə xoşagəlməyən şeylər oxudum, qonşum belə dedi və s. İndi isə təşvişə düşüb. Bu peyvəndi vaxtında et ki, övladın bu vəziyyətə düşməsin. İnsanları qorxutmaq, təşvişə salmaq, panika yaratmaq istəmirəm. Amma bu xəstəliklərin ağırlaşmaları ölümcüldür. Gərək başımıza gəlsin, sonra anlayaq? İnternetin yaxşı tərəfləri var, amma pis tərəfləri də çoxdur. Biz də toplum olaraq balaca uşaq kimi pisi daha tez götürürük.
- Bu gün valideynlərimiz nəyə inanırlar?
- 30 il qabaqkı gənc valideynlərlə bu günün gənc valideynləri düşüncə baxımından bir-birilərindən fərqlənməlidirlər. Çünki bu gün valideynlərin oxumaq imkanları daha çoxdur, kifayət qədər etibarlı mənbələr var. Amma belə çıxır ki, daha çox dedi-qodulara, şaələrə inanırlar. Sonra hamı həkimin üstünə düşür, uşağım niyə sağalmır, niyə belə olur? Həkim artıq sonuncu zəncirdir. Xəstəlikdən qorunmaq üçün hər ailəyə bir həkim təhkim etmək olmaz axı gedib orda otursun, uşağı xəstələnməyə qoymasın. Həkimin borcu məlumatlandırmaqdır.
Könül Oruc