Aydan Nəzərova: “Uşaqlara heç vaxt “Sən bunu mütləq şəkildə oxumalısan, öyrənməlisən”- deyə əmr verilməməlidir”
Ülkər Səttarova: “İki həftədən az dincələn insanlar 35-40 faiz infarkta daha çox meyilli olurlar”
Dərs ilinin bitməsinə az qalmış uşaqlar səbrsizliklə yay tətilini gözləyirlər. Lakin yay tətilində uşaqların dərs yükü, yay tapşırıqları o qədər çox olur ki, dincəlməyə elə də çox vaxtları qalmır. Valideynlər çalışmalıdırlar ki, övladlarının tətilini düzgün şəkildə təşkil etsinlər. Bəs görəsən yay ayları boyunca effektiv dincələ bilməyən şagirdlər yeni dərs ilinə nə dərəcdə hazır olurlar, onlar dərsə həvəslə başlaya bilərlərmi?
Mövzu ilə Bağlı “Üç nöqtə”yə açıqlama verən Narınc Uşaq Psixologiya Mərkəzinin 9-cu mkr. filialının icraçı direktoru, psixoloq Aydan Nəzərova deyir ki, uşaqların yay tətilini keçirməsi məktəb dövründəki kimi yüklü olmamalıdır. Çünki yay tətilinə az müddət qaldıqda uşaqlar dincələcəkləri üçün sevinirlər və səbrsizliklə yay tətilini gözləyirlər:
“Bununla yanaşı müəllimlər uşaqlara tapşırıqlar verirlər ki, yay tətili ərzində bu tapşırıqları edin və sentyabrda məktəbə hazır gəlin. Lakin biz bunun üçün uşağı tapşırıqları yerinə yetirməyə məcbur edə bilmərik. İnsanlar şüuraltısında planlar qurur. Tutaq ki, böyük insan özü üçün planlayır ki, üç gündən sonra istirahətə gedəcəm. Lakin işdə nəsə baş verir və istirahəti təxirə salmalı olur. Və bu insana təsir edir və istər-istəməz motivasiyası aşağı düşür. Uşaqlarda da belədir, onlar öz beyinlərində müəyyən planlar qururlar”.
A.Nəzərova əlavə etdi ki, valideynlər uşaqların yay tətilini maraqlı, əyləncəli keçirməsinə çalışmalıdırlar, yəni onlar üçün günlük plan qurmaq lazımdır: “Məsələn, səhər yuxudan durmaq, səhər yeməyi yemək, dənizə getmək, gəzməyə getmək, bir neçə saatdan sonra evə qayıtmaq, günorta yeməyi yemək, yatıb dincəlmək, daha sonra dərs oxumaq və s. Yəni dərsə həvəsi olmayan şağirdləri motivasiya edərək, həvəsləndirərək dərsi oxutmaq lazımdır. Valideynlər övladlarının sevdiyi əşyaları, məkanı, yeməyi bilir. Şərt kəsmədən sadəcə onun sevdiyi şeylərdən hər hansı birini dərsdən sonraya qeyd etmək lazımdır ki, uşaq dərsi oxuyub bitirib, ona çatmağa tələssin. Belə olan halda uşaq çox sevindirici şəkildə dərsini oxuyacaq, hətta vaxtından tez də bitirəcək ki, növbəti hədiyyəsinə çatsın. Uşaqlara heç vaxt “Sən bunu mütləq şəkildə oxumalısan, öyrənməlisən”- deyə əmr verilməməlidir. Xüsusuilə də indiki dövrün uşaqlarına... Valideynlər çalışmalıdırlar ki, uşaqlarının yay tətilini onlarla birlikdə keçirsinlər. Planlı şəkildə işlədikdə heç bir problem olmayacaqdır”.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova bildirdi ki, əgər söhbət istirahətdən gedirsə, təbii ki Azərbaycanda insanlar əsasən yay aylarında dincəlir. Çünki hava şəraitinə görə yayda istirahət etmək daha əlverişlidir:
“Mənim fikrimcə, istirahət hökmən olmalıdır. Bəzi valideynlər bütün yay boyu uşaqları yükləyirlər. Düzdür, bir tərəfdən bu yaxşı haldır. Çünki üç ay boyunca heç nə etməmək, kitab oxumamaq, dərslə və yaxud hansısa fəaliyyətlə məşğul olmamaq heç kimə fayda verməz. Lakin bu da müəyyən çərçivədə olmalıdır. Yay ayları ərzində uşaqlar, gənclər, yaşlı adamlar, ümumiyyətlə hər kəs bir az təbiətin qoynuna, dənizə getsə yaxşı olar. Bu xüsusilə də uşaqlara lazımdır. Çünki bu gün orta və ali məktəblərdə uşaqların və həmçinin onların valideynlərinin boynuna çox böyük yük düşür. Əgər biz uşaqlarımızın yaxşı təhsil almasını istəyiriksə onlarla birlikdə oxuyumalıyıq. Bu çox vacibdir. Yaxşı oxuyan uşaqların valideynlərinə diqqət yetirsək görərik ki, onlar övladları ilə birlikdə addımlayırlar. Ona görə də hər kəs yay aylarında 2-3 həftə mütləq istirahət etməlidir”.
Bu günkü proqramı sovet vaxtının proqramı ilə müqayisə etdikdə xeyli qəlizləşdiyini vurğulayan Ü.Səttarova bildirdi ki, bu heç kimə sirr deyil. Belə ki, əvvəllər uşaqlar 7 yaşında məktəbə gedirdisə, indi 3-4 yaşından hazırlığa, 6-7 yaşından etibarən isə məktəbə getməyə başlayırlar: “Beləliklə, uşaqlar 3 yaşından etibarən dərslə məşğul olmağa başlayırlar. Kifayət qədər böyük yük var, bu ali məktəblərdə də belədir. Valideynlərə məsləhət görərdim ki, yay aylarında uşaqlara bədii kitablar, əlavə vəsaitlər alsınlar. Uşaqlar artıq sentyabrda məktəbə gələndə öz yoldaşlarından geri qalmasın və stress keçirməsinlər. Çünki yay tətilində üç aydan çox istirahət olur, bəzi uşaqlar bütün bu müddət ərzində dincəlir, məktəbə gəldikdən sonra isə stress yaşayırlar. Çünki tətil boyunca gecə saat 12-də yatır, səhər isə 11-də durur, heç bir işlə məşğul olmur. Və dərs başladıqda artıq rejim dəyişir və beləcə xoşagəlməz hallar yaşanır. Ona görə də insanlar yay aylarını dincəldikdən sonra səmərəli istifadə etməlidirlər”.
Maraqlı bir faktı vurğulayan Ü.Səttarova deyir ki, avropa alimləri maraqlı bir tədqiqar aparıblar: “Tədqiqat nəticəsində belə qənaətə gəliblər ki, iki həftədən az dincələn insanlar, xüsusilə də kişilər 35-40 faiz infarkta daha çox meyilli olurlar. Bu da onu göstərir ki, həm böyüklər, həm də uşaqlar yay aylarında dincəlməlidirlər. Lakin asudə vaxtlarını da mənalı keçirmək lazımdır. Valideynlər bu məsələdə gərək diqqətli olsunlar”.
Könül Oruc