Azərbaycan mədəniyyəti xaricdə kifayət qədər tanınır

18:19 - 30 Avqust 2017 - KİVDF

Diaspor təşkilatlarının fəaliyyəti nəticəsində dünyanın əksər dövlətlərində ölkəmizin mədəniyyəti ilə bağlı müsbət fikirlər formalaşıb

 Azərbaycanın diaspor təşkilatları və xarici ölkələrdəki səfirliklərimiz dünya ölkələri ilə mədəni əlaqələrimizin inkişafına mühüm töhfələr verirlər. Bunun nəticəsidir ki, dünyanın əksər dövlətlərində ölkəmizin mədəniyyəti ilə bağlı müsbət fikirlər formalaşıb. Artıq Azərbaycan tarixi və mədəniyyəti xaricdə kifayət qədər tanınır. 
Diaspora təşkilatlarının fəaliyyəti nəticəsində Azərbaycan tarixi də təbliğ olunur. Bir sıra ölkələrdə "Azərbaycan tarixi" fənnin tədrisi istiqamətində işlər görülür. Məsələn, Şimali Kipr məktəblərində “Azərbaycan tarixi” fənninin tədrisi üçün hazırlıqlara başlanılıb. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) sədri Orxan Həsənoğlu, sədr müavinləri Bəxtiyar Məmmədov və Anar Həsənovun Şimali Kiprin mədəniyyət və təhsil məsələlərinə cavabdeh olan Özdəmir Berova ilə görüşündə bununla bağlı müzakirələr aparılıb. Görüş zamanı AKDC sədri Orxan Həsənoğlu Azərbaycanda keçirilən Bakı-2017 İslam Həmrəyliyi Oyunları və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Demorkratik Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş sərəncam barədə Ö.Berova ətraflı məlumat verib. Daha sonra rəhbəri olduğu təşkilatın fəaliyyəti barədə danışan O.Həsənoğlu bildirib ki, AKDC-nin Azərbaycanın təbliği ilə bağlı planlarını reallaşdırmaq üçün Şimali Kiprin dəstəyinə ehtiyac var. AKDC sədri Şimali Kipr xalqı ilə Azərbaycan xalqının eyni milli-mənəvi və ortaq dəyərləri bölüşdüyünü vurğulayaraq bu iki xalqın bir-birinin tarixini yaxşı bilməli olduğunu dilə gətirib. Qeyd edib ki, xüsusilə gənc nəsilə təhsil vasitəsilə ortaq dəyərlərimiz və bizi birləşdirən mənəvi bağları anlatmaq imkanlarımız var. Diaspor rəhbəri Ö.Berovadan Şimali Kipr məktəblərində bir günlük Azərbaycan tarixi dərsi keçilməsi üçün şərait yaradılmasını xahiş edib. Ö.Berova isə öz növbəsində AKDC-nin fəaliyyətindən məmnunluğunu ifadə edib. O bildirib ki, Şımalı Kiprdə çox sayda azərbaycanlının təhsil alması və yaşaması sevindiricidir: “Biz iki qardaş xalqıq, ortaq milli dəyərlərimiz və ortaq tariximizin olması reallıqdır. Biz də sizin bu məqsədyönlü təklifinizi müsbət qarşılayırıq. AKDC yeni ideyalarla və öz işi ilə daim Şimali Kiprdə seçilib. Biz də Şimali Kipr olaraq sizin bu addımlarınızı daim dəstəkləmişik. Bu ideyanızı da dəstəkləyir və uğurlar arzulayırıq”. Görüşdə ölkə məktəblərində Azərbaycan tarixi dərsinin keçilməsi və dərsliklərə Azərbaycanla bağlı mövzunun daxil edilməsi məsələsinin yaxın vaxtlarda həllini tapacağı bildirilib. Sonda Özdəmir Berova Şimali Kiprdəki Azərbaycan diasporuna göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıq olunub. 
Azərbancan diasporası müxtəlif tədbirlərdə də iştirak edir. Bu il Nigeriyanın Laqos şəhərində “Kiçik dünya” adlı xeyriyyə aksiyası keçirilib. Beynəlxalq Qadınlar Təşkilatı tərəfindən reallaşdırılmış bu tədbirdə Laqosda yaşayan 36 ölkənin nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər. Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan  azərbaycanlı, Beynəlxalq Qadınlar Təşkilatının maliyyə meneceri Billurə Bayramova təmsil edib. B.Bayramova bildirib ki, tədbirin qonaqlarına Azərbaycanın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava təqdim olunub. Nigeriya mediasına və tədbirin iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib. Beynəlxalq Qadınlar Təşkilatının maliyyə meneceri bildirib ki, mərasimə müxtəlif ölkələrin səfirləri, Laqosda fəaliyyət göstərən məşhur şirkətlərin nümayəndələri, Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər qatılıb. Aksiyanın açılış və bağlanış mərasimində Azərbaycanı milli geyim və bayrağımızla Fransa vətəndaşı Antuan Bernard təmsil edib. Billurə Bayramovanın sözlərinə görə, xeyriyyə aksiyasının təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif dövlətlərin vətəndaşlarının öz ölkələrini təmsil və təbliğ etmək, özlərinin milli musiqisi, mədəniyyəti və tarixi barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir. Aksiyadan əldə olunan vəsaiti Nigeriyadakı məktəb, xəstəxana, uşaq və qocalar evlərinə yönəltmək nəzərdə tutulur.
Beynəlxalq tədbirlərdən biri də Çənubi Afrika Respublikasında keçirilib. Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi fəaliyyət göstərdiyi ölkənin Pretoriya şəhərində CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin təşkil etdiyi "Diplomatik Yarmarka"da iştirak edib. Hər il təşkil edilən ənənəvi yarmarkada CAR-da fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə öz ölkələrinin tarixi və mədəniyyətini təqdim etmək şəraiti yaradılır. Azərbaycanın CAR-dakı səfirliyi isə öz növbəsində "CAR-da Azərbaycan Dostları" qeyri-hökumət təşkilatının dəstəyi ilə Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, xalçalar, kitablar, və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirib.Sərgi zamanı ziyarətçilərə Azərbaycan haqqında broşur və bukletlər təqdim edilib, Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və ölkəmizlə bağlı diğər mövzulara həsr edilmiz çap materialı paylanılıb. Tədbiri gün ərzində minlərlə xarici və yerli vətəndaş ziyarət edib.

Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun da xüsusi xidməti var. Fondun çoxşaxəli fəaliyyəti mədəni məkanda inteqrasiya modeli kimi bütün dünyaya örnək ola bilər. Milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folklorumuz, milli musiqimiz Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti nəticəsində qlobal miqyasda təbliğ olunur. Onun fəaliyyəti xoşməramlı səfiri olduğu nüfuzlu beynəlxalq təşkilat - UNESCO tərəfindən xüsusilə yüksək qiymətləndirilib. Fondun fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini inkişaf etdirmək və yaymaqla bitmir. Eyni zamanda, bütün dünya xalqlarının mədəni ənənələri və təcrübəsi ilə ətraflı tanışlıq prosesi gedir. Fondun sayəsində mədəniyyətimizin təbliği istiqamətində Fransanın Kann şəhərində də uğurlu addımlar atılıb. Kann şəhərində təşkil edilən sərgilərdə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunub. Məhz bu amil qədim və orta əsr mənbələrinin Azərbaycan xalçaları haqqında verdiyi məlumatların bu gün də dünya mədəni irsi üçün son dərəcə dəyərli və özünəməxsus olduğunu təsdiqləyib. Milli geyimlərimiz də məişətimizin zənginliyi barədə dolğun təsəvvür yaradıb. Qədim misgərlik nümunələrimiz Azərbaycan insanının yaşam tərzi, adət-ənənələri barədə qonaqlarda müfəssəl təəssürat doğurub.  2017-ci il 13 iyul-1 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçirilib. Mədəniyyət günləri çərçivəsində Kannın “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisinin açılış mərasimi olub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.Sərgidə Toğrul Nərimanbəyovun 30-dan çox əsəri təqdim edilib.  
Kiçik kinoteatr zonasında görkəmli rəssamın həyat və yaradıcılığı haqqında videomateriallar təqdim olunub. Eləcə də sərgi zalı ərazisində milli üslubda zona yaradılıb. Burada ziyarətçilər Heydər Əliyev Fondunun Azərbaycan və Toğrul Nərimanbəyov haqqında nəşrləri ilə tanış olublar. 
Sərgi çərçivəsində Heydər Əliyev Fondunun T.Nərimanbəyovun həyat və yaradıcılığı haqqında kitabının təqdimatı olub. Bu kitabda rəssamın Azərbaycanda və xarici müzeylərdə saxlanılan, hətta şəxsi arxivindəki nadir əsərləri barədə məlumatlar yer alıb. “Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisi avqustun 1-dək davam edib.
 
Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 13-də konsert proqramı da təqdim olunub. Qonaqlar, həmçinin Kannda ənənəvi olaraq keçirilən pirotexnika festivalı çərçivəsində təşkil olunan atəşfəşanlığı izləyiblər. 
Bundan əvvəlki illərdə də Azərbaycan mədəniyyətinin Fransada təbliği istiqamətində fəaliyyətlər olub. Məsələn, ötən ilin iyul ayında Kannın Festivallar sarayında Azərbaycanın tarixini və mədəniyyətini, Fransa ilə Azərbaycan arasında əlaqələri əks etdirən sərgilər açılıb.  
Sərgilərdən biri “Partizanın izi ilə” adlanır. Bu sərgi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub. Ekspozisiyada azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar, o cümlədən Əhmədiyyə Cəbrayılovun şəxsi arxivindən götürülmüş fotolar nümayiş etdirilib.  
Azərbaycana aid sərgilərdən biri də “Bir günəş altında” layihəsi çərçivəsində açılıb. Bu layihə çərçivəsində Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan sərgi və film böyük maraqla qarşılanıb. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib. Burada 20 azsaylı xalqın tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən foto və videomateriallar əsasında sərgi iştirakçılarına Azərbaycandakı tolerantlıq haqqında ətraflı məlumat verilib. Sərginin “Danışan başlar” adlı bölməsində isə müxtəlif azsaylı xalqların və etnosların nümayəndələri öz dillərində maraqlı hekayələri nəql ediblər.  
Sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrindən bəhs edən “Bir günəş altında” filmi də təqdim olunub. Bir sözlə, burada Azərbaycanda müxtəlif xalqların və millətlərin nümayəndələrinin bir ailə kimi yaşaması, ölkəmizdəki tolerantlıq mühitinin qədim və zəngin tarixə malik olması aydın şəkildə əks etdirilib.
 
“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində isə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələri təqdim edilib. Sərginin təşkili məqsədilə fransız fotoqraflar Samuel Qratakap və Jan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər edib, Azərbaycanın qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərinin mənzərələrini, abidələrini, gündəlik həyatını fotoaparatın yaddaşına köçürüblər. Bu işlərin təbliğində Heydər Əliyev Fondunun. Onun rəhbəri Mehriban Əliyevanın böyük xidməti olub. Bir sözlə, Mehriban Əliyevanın fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi istiqamətində mühüm nailiyyətdir. Məhz onun səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bundan başqa, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

Xəbər xətti