Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina və döyüş sahələrinin təmizlənməsi əməliyyatları ilə yanaşı, keçmiş sursat anbarları, eləcə də poliqon ərazilərinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını icra edir.
ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, fəaliyyətini ən keyfiyyətli minaaxtaran avadanlıqlarla beynəlxalq standartlar və metodologiyalar çərçivəsində həyata keçirən ANAMA, eləcə də müasir texnologiyaların istifadəsinə üstünlük verir.
Belə ki, sifarişə əsasən torpağın 6 metr dərinliyinə qədər metal tərkibli sursatları aşkar etmək qabiliyyətinə malik avadanlıqlardan istifadə edilir.
Avadanlıqların tərkibində olan 8 kanallı maqnitometr sisteminin iş prinsipi yerin maqnit sahəsindəki dəyişikliklərini qeydə almaqdan ibarətdir. Bu istiqamətdə fəaliyyət zamanı yüksək dəqiqlikli koordinat əldə etmək üçün DGPS texnologiyası tətbiq olunur.
Toplanmış məlumatlar xüsusi proqramda emal olunur və sahə xəritələri yaradılır. Bu sistem mina və döyüş sursatlarının torpağın dərinliyində yüksək dəqiqliklə aşkarlanmasına imkan yaradır.