Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Samuxda vətəndaşları qəbul edib

17:13 - 29 Avqust 2017 - Xəbər

Avqustun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Samux rayonunda bölgə vətəndaşlarını qəbul edib. Komitədən verilən məlumata görə, qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Ümummilli Lider Heydər Əliyevin onun adını daşıyan Mərkəzin qarşısındakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Komitə sədri Mübariz Qurbanlı Gəncə, Naftalan şəhərlərinin, Daşkəsən, Göygöl, Goranboy, Samux rayonlarının sakinlərinin müraciətlərinə baxıb.
Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin dini təyinatlı kitablarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.


Xəbər xətti