Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş Kamran Ağababayev ifadə verib.
S.Qurbanovun vəkili İlkin Mustafa "Report"a açıqlamasında bildirib ki, zərərçəkmiş istintaqa verdiyi ifadəsini təsdiq etməyib: "O ifadəsində qeyd etdi ki, istintaq dövründə şahid qismində ifadə verib".
Vəkil söyləyib ki, iclasda iki şahid də dindirilib. Bunlardan biri DTX əməkdaşı olub. Onların dindiriliməsi qapalı keçirilib.
Məhkəmənin növbəti iclası avqustun 31-nə təyin edilib.