2026-cı il FIFA Dünya Kubokunun finalı futbol tarixinin ən yaddaqalan hekayələrindən birinə səhnə olacaq. İyulun 19-da keçiriləcək həlledici qarşılaşmada İspaniya və Argentina milliləri üz-üzə gələcək. Lionel Messi isə illər əvvəl qucağına alıb vannada çimdirdiyi Lamin Yamalın rəqibi olacaq.
Ucnoqta.az bildirir ki, bu maraqlı hekayənin başlanğıcı 2007-ci ilə təsadüf edir. Həmin il Kataloniyanın Diario Sport qəzeti və UNICEF-in birgə təşkil etdiyi xeyriyyə fotosessiyasında o dövrdə "Barselona"nın gənc ulduzu olan 20 yaşlı Lionel Messi bir neçə aylıq Lamin Yamal ilə şəkil çəkdirib. Fotosessiya zamanı Messi körpə Yamalı plastik vannada çimdirmişdi.
İllər sonra Yamalın atası həmin fotoları sosial şəbəkələrdə paylaşdıqdan sonra görüntülər bütün dünyada geniş maraq doğurdu. İndi isə həmin fotolar Dünya Kuboku finalı ərəfəsində yenidən gündəmə gəlib.
Hazırda 39 yaşlı Messi ilə 19 yaşlı Lamin Yamal dünya çempionluğu uğrunda eyni meydanda rəqib olacaqlar. Beynəlxalq idman mediası bu qarşılaşmanı təkcə iki güclü komandanın mübarizəsi deyil, həm də futbolun nəsillərarası simvolik qarşıdurması kimi qiymətləndirir.
Sosial şəbəkələrdə milyonlarla dəfə paylaşılan məşhur foto futbol azarkeşləri tərəfindən "futbol tarixinin ən təsirli təsadüflərindən biri" adlandırılır. Bir vaxtlar Messinin qucağında olan körpə Yamal indi Dünya Kubokunun finalında argentinalı əfsanəyə qarşı İspaniyanın əsas ümidlərindən biri olacaq.
Qeyd edək ki, 2026-cı il FIFA Dünya Kubokunun final oyunu iyulun 19-da saat 23:00-da keçiriləcək.///haberturk