Xəzərin suyu çəkiləndən sonra gizli borular üzə çıxdı - ŞOK GÖRÜNTÜLƏR

22:25 - 12 May 2025 - Cəmiyyət

Qaradağ rayonu ərazisindən borular vasitəsilə tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev Oxu.Az-a açıqlamasında məlumat verib.

O bildirib ki, görüntülərlə bağlı 4 aprel 2025-ci il tarixində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi, həmçinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

"Aparılan monitorinq və tədqiqatlar nəticəsində müəyyən edilib ki, görüntülərdəki borular Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansında olan nasosxanaya məxsusdur və Qaradağ, Səbail rayonlarının ərazisində formalaşan tullantı suları həmin borular vasitəsilə zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır.

Faktla bağlı 7 aprel tarixində akt və protokol tərtib olunub. Toplanmış materiallar əsasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti hüquqi şəxs qismində 12 500 manat məbləğində cərimə olunması üçün Qaradağ Rayon Məhkəməsinə təqdim edilib.

Bundan əlavə, nöqsanların aradan qaldırılması məqsədilə həmin quruma rəsmi xəbərdarlıq məktubu göndərilib.

Qeyd edək ki, bu tədbirlər görüntülərin ictimailəşdirilməsindən əvvəl - 7 aprel tarixində həyata keçirilib", - deyə o açıqlamasında bildirib.

18:00

Qarşıdan çimərlik mövsümü gəlir. Turizmin yaxşı gəlir gətirən qolu sayılan çimərlik potensialının gücləndirilməsinin gözlənildiyi bir məqamda Xəzər dənizinin suyu aktiv şəkildə çirkləndirilməyə davam edir.

Oxu.Az xəbər verir ki, Qaradağ rayonu ərazisində Xəzər dənizinə iri borular vasitəsilə çirkab suları axıdılır.

Sözügedən məsələ bir neçə dəfə gündəmə gətirilsə də, heç bir tədbir görülməyib. Məlumat üçün qeyd edək ki, borulardan birinin altına dəmir sahildə "altlıq" qoyularaq hündürə qaldırılıb və çirkab su təzyiqlə dənizə tökülür.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev hadisə yerində mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, sözügedən məsələ ekosistemə çox ciddi ziyan vurur:

"Xəzərin suyu çəkiləndən sonra gizli borular üzə çıxıb. Bu borular vasitəsilə böyük kütlədə çirkab suları Xəzəri çirkləndirir. Çirkli su 30-40 metr məsafəyə qədər dənizin içərisinə gedir. Nəticədə canlı aləm də məhv olur. Bundan əlavə, oksigen istehsal edən, həmçinin balıqların qida mənbəyi olan yosunlar çirkab sularının təsiri ilə mazuta bulaşıb, sahil qaralmış yosunla doludur.

İstirahət mühiti qalmadığına görə çimərlik potensialı olan ərazi göz görə-görə məhv olur. Bu suların tərkibində elə kanserogen maddələr ola bilər ki, parçalanmadığı üçün müxtəlif canlı aləm nümayəndələri vasitəsilə orqanizmimizə daxil ola bilər. Bu maddələrin yayılmasında xüsusilə küləyi də qeyd etməliyik. Mövcud durum çox böyük fəsadların carçısıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı çox ciddi tədbir görməlidir".

Xatırladaq ki, istehsalat tullantı suları ilə bağlı məsələlər "Su təchizatı və tullantı suları haqqında" Qanunun 44-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin 3-cü bəndinə görə, kanalizasiya müəssisələri hər hansı istehsalat tullantı sularını kanalizasiyaya axıtmazdan əvvəl obyektin sahibindən onların ilkin təmizlənməsini tələb edə bilərlər. Ancaq görünən budur ki, çirkab sularını dənizə axıdanların nəinki onu təmizləmək, heç kanalizasiya sisteminə qoşulmaq fikirləri də yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, məsələ araşdırılacaq.

Xəbər xətti