Artıq bir neçə gündür ki, “Asan imza” sistemi ilə bağlı problemlər yaranıb. Bu problemlə əlaqədar bankların, Dövlət Vergi Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə etmək mümkün deyil.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “APA-Economics”ın sorğusuna cavab olaraq bildirilib ki, "Asan İmza"da yaranmış çətinliklər Dövlət Vergi Xidməti ilə bağlı deyil. Adiyyəti qurumlar bəzi abunələrdə yaranmış çətinliklərin aradan qaldırılması ilə məşğuldur.
Qeyd edək ki, Asan İmza (Mobil imza) - Dövlət Vergi Xidməti və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. ASAN İmza (Mobil İD) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. ASAN İmza bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir və əslində, elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM-kartınızdır. ASAN İmza ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.