Zaqatalada əqli mülikiyyət hüququnun qorunmaı ilə bağlı tədbir keçirilib

14:18 - 1 Mart 2025 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin Konstitusiya və Suverenlik ili kimi qeyd edilməsi digər məsələlərlə yanaşı Konstitusiyaya da diqqəti artırıb, orada təsbit olunan insan və vətəndaş hüquq və azadlıqlarının qorunması mövzusunu aktuallaşdırıb.

Konstitusiyanın müəyyən etdiyi vacib hüquqlardan biri də əqli mülkiyyət hüququdur.
Konstitusiyanın 30-cu maddəsinə görə Azərbaycanda hər kəsin əqli mülkiyyət hüququ vardır və o, qanunla qorunur. Ölkəmizdə əqli mülkiyyət hüququnun həyata keçirilməsi və qorunması ilə bağlı çoxsaylı qanunların qəbul olunmasına, Azərbaycan Respublikasının əqli mülkiyyətlə bağlı beynəlxalq konversiyalara qoşulmasına, Əqli Mülkiyyət Agentliyinin yaranmasına və intensiv fəaliyyət göstərməsinə baxmayaraq əqli mülkiyyət hüququnun subyektləri, yaradıcı şəxslər öz hüquqlarını yaxşı bilmir, əqli mülkiyyət obyektlərinin əmtəələşdirilərək öz yaradıcılıq məhsullarından maddi rifahlarının yaxşılaşdırılması üçün səmərəli istifadə edə bilmirlər. Əqli mülkiyyət məhsullarının istifadə edilməsində, hüquqların qorunmasında çox saylı mübahisələr yaranır, bu sahədə olan münasibətlər sistemi ilə bağlı problemlər ortaya çıxır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2024-cü il qrant müsabiqəsi çərçivəsində “Hüqüqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi "Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi" layihəsinin əsas məqsədi yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına, stimullaşdırılmasına, yaradıcılıq imkanlarının artırılmasına kömək etməkdir.
Bu məqsədlə növbəti təlim Zaqatala şəhərində keçirilmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında keçirilən tədbiri universitetin dosenti Cəfər Razıyev açaraq konstitusion hüquq olan əqli mülkiyyət hüququnun mədəniyyətimizin, incəsənətimizin və elmimizin inkişafında oynadığı rolu qeyd etdi, bu hüququn qorunmasının vacibliyini bildirdi. Bu istiqamətdə aparılan maarifçilik tədbirlərinin əhəmiyyətini vurğuladı. 
“Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin sədri, BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov rəhbərlik etdiyi təşkilat, onun həyata keçirdiyi layihələr haqqında geniş məlumat verdi, bu layihənin icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, yaradıcılıq təşkilatlarının dəstəyini qeyd etdi. 
Zaqatala rayon icra hakimiyyətinin ictimai siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Ramin Həsənov regionda yaşayan yaradıcı ziyalıların rayonun mədəni həyatında oynadığı rolu qeyd etdi. Göstərdi ki, belə ziyalıların olması regionların sosial iqtisadi inkişafı proqramının həyata keçirilməsinə kömək edir, regionun mənəvi simasını formalaşdırır, vətənpərvərlik hissini gücləndirir. Həsənov əqli mülkiyyət hüququnun genişləndirilməsini və ciddi qorunmasını vacib hesab etdi, dövlətin bu sahədə gördüyü tədbirlərdən danışdı. Bu təlimin Zaqatalada keçirilməsinə təşəbbüs göstərdiyinə görə “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nə, Mədəniyyət Nazirliyinə və Əqli Mülkiyyət Agentliyinə təşəkkürünü bildirdi. 
UNEC-in Zaqatala filialının dosenti Camal Arıxov müəllif hüquqlarının qorunmasının, elmi kəşflərin və ixtiraların patentləşdirilməsini, plagiata qarşı mübarizənin zəruriliyini önə çəkdi. Göstərdi ki, bu sahədə aparılan ciddi tədbirlərə baxmayaraq hələ də müəlliflər öz hüquqlarını bilmir, onu müdafiə etmək imkanları məhduddur. Bunun üçün belə tədbirlərin əhəmiyyəti böyükdür.
Əqli mülkiyyət hüququ üzrə peşəkar təlimçilər hüquqşünas Aydın Kərimov və Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev interaktiv qaydada iştirakçılar üçün təlim keçdilər. Təlim zamanı iştirakçılara əqli mülkiyyət hüququnun tarixi, mədəniyyətin inkişafında yeri, beynəlxalq əqli mülkiyyət təşkilatının fəaliyyəti, konstitusion hüquq olan əqli mülkiyyət hüququ ilə bağlı ölkəmizdə qəbul olunan normativ hüquqi aktlar, Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti, müəllif hüquqları, hüquqların müdafiə mexanizmi, ayrı-ayrı sahələr üzrə ətraflı məlumat verdilər. 
Yaradıcılıq təşkilatlarının üzvləri – yazıçılar, şairlər, musiqiçilər, elm adamları və digər ziyalıların iştirak etdiyi tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırıldı, iştirakçılara əqli mülkiyyət ilə bağlı normativ hüquqi aktlar və Agentliyin çap etdiyi kitablar paylandı. İştirakçıların fərdi və sahəvi problemlərinin həllinə kömək edildi, məsləhətlər verildi, praktik kömək göstərildi. 
Tədbirdə çox fəal iştirak edən Zaqatala ziyalıları belə tədbirlərin mühüm əhəmiyyətini qeyd edərək mütəmadi keçirilməsini təklif etdilər.

Xəbər xətti