“Azərbaycan dəmir yollarının 63 %-i elektrikləşdirilib” - Rövşən Rüstəmov

15:41 - 20 Noyabr 2024 - Cəmiyyət

Hazırda Azərbaycan dəmir yollarının 63 %-i elektrikləşdirilib.

"Report" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Rhenus Logistics” beynəlxalq logistika xidmətləri şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Qitələri birləşdirən yol: İpək Yolu boyunca davamlı nəqliyyat və logistika – Avropa və Latın Amerikası” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə sərnişinlərin 100 %-nin, yüklərin isə 80 %-nin daşınması elektrik enerjisi hesabına həyata keçirilib.

Panel müzakirələrində çıxış edən R. Rüstəmov ADY-nin son iki ildə ətraf mühitə mənfi təsirlərin, o cümlədən karbon emissiyalarının azaldılması istiqamətində əldə etdiyi nailiyyətlərə toxunub. Bildirib ki, rəqəmsal həllərin tətbiqi sayəsində Çindən Orta Dəhlizlə Avropaya və əks istiqamətə yüklər daha sürətlə daşınır: “Dəniz marşrutları ilə müqayisədə Orta Dəhlizlə yüklər 3 dəfə daha sürətlə çatdırılır”.

ADY sədri Orta Dəhlizin əsas halqalarından olan Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşmə nəticəsində bu ilin mayından tam gücü ilə işlədiyini və buraxılış gücünün illik 5 milyon tonadək artdığını bildirib.

Xəbər xətti