“Santuş həm bizi, həm də özünü aldadır”

18:01 - 19 Noyabr 2024 - İDMAN

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirəcək Millətlər Liqasının oyunundan öncə maraqlı açıqlamalar verib. Portuqaliyalı mütəxəssis hazırda millinin doğru yolda olduğunu qeyd edib.

Son vaxtlar milli komandanın aldığı mənfi nəticələr ucbatından Santuşun bu açıqlaması sosial şəbəkələrdə geniş tənqid olunub. Bir çoxları onun açıqlamalarını sadəcə “yola vermək” kimi dəyərləndirib.

Ucnoqta.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"-a danışan keçmiş futbolçu və idman jurnalisti Ağa Dadaşzadə bildirib ki, Santuşun əlində, ümumiyyətlə, normal futbolçu yoxdur:

“Gəlin reallığa baxaq, birinci, Santuşun əlində material yoxdur. Aşbazın əlinə ərzaq verməsən, o yemək hazırlaya bilər?! Oyunçumuz yoxdur.

Bundan öncə Qubada futbol turniri oldu. Qırğızıstanın kimi futbol ənənəsi olmayan ölkənin 9-12 yaşlıları bizim eyniyaşlılara aman vermədi. Hazırda bütün alt yaş qrupu milli komandalarımız bərbad vəziyyətdədir. Uşaqların futbol oynamağa nəfəsi çatmır, meydanı görə bilmirlər. Bütünlükdə eyni problemləri əsas milli komandaya da aid etmək olur.

Doğrudur, Toral Bayramov və Elvin Cəfərquliyev kimi yaxşı futbolçular var, amma onlar “Qarabağ”dakı oyunu millidə sərgiləyə bilmirlər. Nəriman Axundazə isə “ulduz xəstəliyinə” yoluxub. Yeganə hücumçumuz Ramil Şeydayevdir, o da çox bərbad vəziyyətdə oynayır. 30-cu dəqiqədən sonra nəfəsi kəsilir. Bu gün heç bir klubda onu əvəz edəcək hücumçumuz yoxdur”.

Jurnalist portuqaliyalı baş məşqçinin millinin heyətini tanımadığını dilə gətirib:

“İkinci isə Santuşa demək lazımdır ki, sənin 16-17 yaşlıların bərbad çıxış edirsə, sən 4 il ərzində düzgün sistem quracaq oyunçuları haradan tapacaqsan? O həm bizi, həm də özünü aldadır. Arif Əsədovun millidən göndərilməsi ən böyük səhv idi. De Biyazinin gedişindən sonra o, millinin müvəqqəti baş məşqçisi oldu və Azərbaycan Macarıstanda Qazaxıstan üzərində əzmkar qələbələr qazandı.

Fernandu Santuş isə heyəti demək olar ki, tanımır. Santuşun Azərbaycan futbolunun psixologiyasını öyrənməsinə hələ 2 il vaxt lazımdır. Estonya ilə matçdan sonra dedi ki, Portuqaliya millisi də vaxtilə bu sistemdən keçib gəlib və Avropa çempionu olub. Portuqaliyanın 2004-cü ildəki heyətində Fiqo və Ronaldo kimi oyunçuları var idi və onlar o vaxt belə Avropa çempionatının gümüş medallarını qazanmışdılar. Onların “Benfika”, “Sportinq”, “Porto” kimi komandaları və oturuşmuş futbol ənənələri var. Santuşun daha bir yanlışı budur. Biz Avropa Millətlər Liqasının D qrupunda daha zəiflərə uduzmasaq yaxşıdır”.

Xəbər xətti