Almaniyadan 15 polis əməkdaşı Ermənistan və Azərbaycan arasında atəşkəsin qorunması üzrə beynəlxalq missiyada iştirak edəcək. Silahsız hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfdən sərhəddə patrul edəcək.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit bildirib.
"Federal Nazirlər Kabineti Almaniyanın Aİ-nin Ermənistandakı yeni missiyasında (EUMA) Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib", - o, brifinqdə deyib.
O, EUMA missiyasında “maksimum” 15 alman hüquq-mühafizə orqanının iştirak edəcəyini və Avropanın müxtəlif ölkələrindən iştirak edən polislərin ümumi sayının 100 nəfər olacağını qeyd edib.
Missiya gələn bazar ertəsi başlayacaq.
Qeyd edək ki, missiyaya Fransadan olan səkkiz jandarmanın daxil olacağı bildirilirdi.