İsmayıllı rayonundan olan Vətən müharibəsinin cəsur döyüşçüsü, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ramil Musayevin martın 3-də öz adını daşıyan oğul övladı dünyaya gəlib.
Ucnoqta.az xəbər verir ki, Şəhidimizin şərəflə daşıdığı Ramil adı onun yeganə yadigarı olan övladına verilib.
Bugün doğum evindən evə yola salınan şəhidimizin ailəsini xəstəxana önündə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Gənclə və İdman İdarəsinin və “Yaşat“ Fondunun əməkdaşları qarşılayiblar.
Şəhid ailələri və müharibə iştirakçıları hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Vətən müharibəsində şəhid olanların övladları bizə onların əmanətidir.
İsmayıllı Rayon İcra Hakimiyyəti şəhid övladlarını diqqətdə saxladığı kimi yeni doğulan körpə qəhrəmanımızı da daim qayğı ilə əhatə edəcəkdir.
Qeyd edək ki, Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonu Aşağıbaş kəndində anadan olub. R. Musayev Vətən müharibəsində xüsusi Təyinatlı dəstənin giziri olaraq döyüş tapşırıqlarını yerinə yetirib, 03 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunun azad olunması istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Ramil Musayev doğulduğu İsmayıllı şəhərində torpağa tapşırılıb. Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Ramil Musayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “ Fizulinin azad olunmasına” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.