Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Füzuli Sultanov saxlanılıb. Onun üzərinə baxış zamanı 514 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Füzuli Sultanovun Abşeron rayonundakı evinə baxış zamanı oradan 9 kiloqram heroin, 1 kiloqram 992 qram psixotrop maddə metamfetamin və 1900 ədəd psixotrop tərkibli “Metadon 40” həbi aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir uğurlu əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Vüsal Rüstəmov saxlanılıb. Onun üzərinə baxış zamanı 20 qrama yaxın, paytaxtın Xətai rayonunda yaşadığı mənzildən isə əlavə 7 kiloqram 444 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Vüsal Rüstəmov aşkar olunmuş narkotik vasitəni Ağdam rayonunda ona məxsus torpaq sahəsində xüsusi qulluq edərək əkib yetişdirib. Daha sonra qurudaraq satışını həyata keçirmək istəyib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri isə Salyan rayonunda həyata keçirilib. Belə ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı vətəndaş Anar Yaqubov saxlanılıb. Onun sərnişin kimi əyləşdiyi avtomobilə baxış zamanı Anar Yaqubova məxsus 3 kiloqram 290 qram narkotik vasitə heroin, 170 qram tiryək və 120 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitələri xarici ölkələrdən birinin vətəndaşının ona satmaq məqsədi ilə göndərdiyini bildirib.
Beləliklə polis əməkdaşları tərəfindən keçirilən son əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 22 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.