SOCAR: Qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir

11:39 - 2 Yanvar 2017 - Xəbər

Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir. “APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib. Məlumata görə, qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb.

 “Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir. Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq”, - deyə məlumatda qeyd olunub.
 Qeyd edək ki, bu gün saat 07:00 radələrində 2016-cı il dekabrın 27-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttinin eyni yerində yenidən yanğınla nəticələnən partlayış baş verib.
 Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
 Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.
 Qaz xəttində baş vermiş yanğın söndürülüb.

Xəbər xətti