Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Bu il ölkəmiz üçün ayrılan kvota açıqlanmayıb. Ötən il kvota 1500 nəfər olub.
Həcc ziyarətinin qiyməti isə artırılıb. Belə ki, bu il Həcc ziyarətinin 5 950 ABŞ dollarına başa gələcəyi açıqlanıb. Bu, ötən ilə müqayisədə 100 dollar artıqdır. Beləliklə, Həcc ziyarətinə getmək istəyənlər hazırkı məzənnə ilə 10 115 manat pul ödəməlidir.
Həcc ziyarətinin qiyməti sosial şəbəkədə narazılıqlar qarşılanıb və müzakirələrə səbəb olub.
Qiymətlərin artmasının səbəbi nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri bildirib ki, hazırda kvota yerləri tam məlum deyil, lakin ötən illə müqayisədə daha aşağı olacaq.
“Yerlərimiz məhduddur. Vətəndaşlarımız tələssinlər. Çünki kvota keçən ilkindən daha az nəzərdə tutulub”,-o deyib.
V.Cahangiri Həcc qiymətinin artması ilə bağlı isə bunları deyib:
“Keçən ilki qiymətləri saxlamaq istəyirdik. Bunun üçün maksimum çalışdıq, alınmadı. Çünki hər yer “od tutub yanır”. Orta Asiyada qiyməti 6 mindən yuxarı qoyublar. İngiltərədən gələnlər üçün qiymət 11 mindir. Onlar biləndə ki, biz bu qiyməti qoymuşuq, deyirlər, nə yaxşı qiymətlər sizdə belədir. Qiymətlər hər yerdə yuxarıdır. Səudiyyə ərəbistanında ümumiyyətlə Azərbaycanla müqayisədə qiymətlər həddindən artıq bahadır. Biz qiymətləri aşağı salmağa çalışanda dedilər ki, bunu edə bilərlər, amma gərək keyfiyyəti də aşağı salalar. Axı mənim vətəndaşım yüksək şərait istəyir. Mənim vətəndaşım digər ölkələrin vətəndaşları kimi deyil axı, istəyir ki, təmiz şərait olsun. Mən həmin səviyyəni saxlamaq məcburiyyətindəyəm. Ona görə də qiyməti 100 dollar qaldırmalı olduq”.