Kamran Əliyev: "Onun konkret hansı səbəbdən avtomobilini yandırdığını deyə bilmərəm"
Baş Dövlət Yol Polisi İdarəsi bu gün Qaxda Qarabağ əlilinin avtomobilini yandırması hadisəsinə münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Lent.az-a bildirib ki, Qax rayon sakini Bəxtiyar Bayramovun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmayıb.
K.Əliyev deyib ki, bir neçə ay əvvəl yol-nəqliyyat hadisəsi törətmiş B.Bayramova Qax rayon Məhkəməsi tərəfindən 400 manat cərimə kəsilib: “Cəriməni vaxtında ödəmədiyinə görə həmin məbləğin üzərinə də dəbbə gəlib və məbləğ 640 manata yüksəlib. Onun konkret hansı səbəbdən avtomobilini yandırdığını deyə bilmərəm. Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına, xüsusilə də əlillərə böyük hörmətimiz var. Amma o, yol kənarında avtomobilə od vurmaqla digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atıb. Həmin vaxt partlayış baş verə bilərdi”.
Qeyd edək ki, bu gün Qax rayonunda avtomobilin yanması hadisəsinin təfərrüatı məlum olub. Rayon ərazisində "VAZ 2109" markalı minik avtomobilinin əslində öz sahibi tərəfindən yandırıldığı məlum olub. Bəlli olub ki, Qax sakini, Qarabağ əlili Bəxtiyar Bayramov Dövlət Yol Polisinin Qax rayon Şöbəsinin rəhbərliyinin hərəkətlərinə etiraz olaraq bu əməli törədib.
Hadisə ilə bağlı çəkilmiş videoda çıxış edən birinci qrup əlil deyib ki, iyun ayında xırda yol qəzası törədib və yol polisinin təqdimatı ilə ona 400 manat cərimə kəsilib. Daha sonra o, məhkəməyə müraciət edərək cərimənin daha yüngül cəza ilə əvəzlənməsinə nail olub. Məhkəmənin qərarını yol polisinə təqdim etdikdə isə bu, qəbul edilməyib və yol polisi daha əvvəl kəsilmiş cərimənin verilməli olduğunu deyib.
4 uşaq atası olduğunu, dolanışığının taksi fəaliyyəti ilə məşğul olmaq olduğunu deyən şəxs avtomobilə od vuraraq yandırıb.