İsveçrə ABŞ-dan F-35-dən imtina edə bilər

16:01 - 7 Avqust 2025 - DÜNYA

İsveçrə siyasətçiləri Vaşinqtonun bu Avropa ölkəsinə 39% idxal rüsumları tətbiq etməsindən sonra ölkə hakimiyyətini ABŞ-dan F-35A qırıcıları almaqdan imtina etməyə çağırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, son həftələr İsveçrədə qırıcıların qiymətinin Bernin gözlədiyindən baha ola biləcəyi barədə məlumatlardan sonra Amerikanın “Lockheed Martin” şirkəti ilə F-35-lərin alınması ilə bağlı müqavilənin ləğvi yenidən fəal müzakirə olunub.

Agentlik bildirir ki, ilkin olaraq Müdafiə Nazirliyi 7,5 milyard dollarlıq müqavilə məbləğindən çıxış edib, lakin bu, ən azı 1,3 milyard dollar daha baha ola bilər.

Yaşıllar Partiyasının nümayəndəsi Baltasar Qlattli “Bizə daş atan ölkə bizdən hədiyyə almamalıdır” deyib.

O, bundan əvvəl parlamentə payız sessiyasında baxıla biləcək müqavilədən imtina təklifi ilə qanun layihəsi təqdim edib. İsveçrə Sosial Demokrat Partiyasının həmsədri Sedrik Vermut bu məsələ ilə bağlı yeni referendumun keçirilməsinə çağırıb.

Azad Demokratlar Partiyasının üzvü və prezident Karin Keller-Sutterin müttəfiqi Hans-Peter Portmann agentliyə deyib: “Mən bilmirəm, bizim xalq F-35 qırıcılarını ilkin gözlənildiyindən yüksək qiymətə almaqla necə razılaşacaq, xüsusən də ABŞ-ın tariflərinin yaratdığı şokdan sonra”.
Onun fikrincə, hökumət sifarişi ya tamamilə, ya da qismən ləğv etməli, müdafiədəki boşluqları Avropa istehsalçılarından almaqla doldurmalıdır.

Xəbər xətti