Son günlər respublika əhəmiyyətli magistral yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında yuxulaması ilə bağlıdır. Təkcə son bir ay ərzində bu səbəbdən ölüm və xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində deyilir.
"Hadisələrin təhlili göstərir ki, isti hava şəraitində səhhətində problemi olan, yuxu gətirən dərman preparatları qəbul edən, yaşı 60-dan yuxarı olan, gecə və uzun növbəli iş rejimində çalışan, uzaq məsafələrə fasiləsiz səfər edən, yuxu pozuntularından əziyyət çəkən, xroniki yorğunluğu olan, eləcə də alkoqol qəbulundan sonra psixofizioloji baxımdan hələ tam bərpa olunmamış sürücülər arasında sükan arxasında yuxulama hallarına daha tez-tez rast gəlinir. Belə vəziyyətdə avtomobil idarə etmək qəza riskini dəfələrlə artırır və nəticələr çox zaman ağır olur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri
– yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə,
– soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə günün daha sərin saatlarında yola çıxmağa,
– uzaq məsafələrə səfər zamanı hər 2 saatdan bir qısa müddətli fasilə verməyə,
– alkoqoldan istifadə etmiş sürücülərin, bədənlərində qalıq təsirlər davam etdiyi müddətdə avtomobil idarə etməməyə çağırır.
Unutmayın: sükan arxasında bir anlıq yuxululuq – bir ömürlük peşmançılığa səbəb ola bilər".