Balakənə boş gedən qatar - ADY-nin reallığa uyğun olmayan açıqlamaları...

09:35 - 29 İyul 2025 - Xəbər

Dəmir yolu vasitəsilə ölkədaxili sərnişin daşınması uzun müddət idi ki fəaliyyət göstərmirdi. 2025-ci ilin əvvəlindən Bakı–Balakən–Bakı marşrutu üzrə qatarla sərnişindaşıma bərpa edildi. Bu istiqamətdə hərəkət edən sərnişinlərin sevincinə səbəb olsa da biletlərin baha olması narazılıqla qarşılandı. 

Ucnoqta.az xəbər verir ki, ekspert Osman Gündüz bildirir ki, Bakı-Balakən qatarında kondisionerli yerlərə biletlərin əksəriyyəti alınmır.

Ekspert qeyd edir ki, ADY-nin yüksək qiymətləri yenidən gündəmdədir:

"ADY bəzən reallığa uyğun olmayan açıqlamar verməklə qatarlarda doluluq səviyyəsinin yüksək olduğunu bildirir. Bahalı yerlərin oliqarxlara aid olduğunu bildirir, bu tip bilet qiymətlərini qabartmamağımızı istəyir.İ ndi baxıram ki, nə doluluq ADY deyən kimidir, nə də biznes yerlərin satışı.

Bu gün Bakı-Balakən qatarının getməyinə təxminən 1 saat qalmış qatarın doluluq səviyyəsinə nəzər saldım. Biznes klas tam boş gedəcək. Gedişhaqqı 80 manat olan biletlərin əksəri alınmayıb". 

Osman Gündüz vurğulayır ki, təsəvvür edin belə bir isti havada sərnişinlər biletlərin baha olması səbəbindən kondisionerli kupelərdə getməkdən imtina etməli olurlar:

"Görünür biznesmenlər də başqa alternativlərə üstünlük verirlər. Kupe(Standart+) biletlərinin(30 manat) də üçdən biri satılmayıb. Ən çox tələbat olan, son zamanlar daha ciddi narazılıq olan plaskart (Standart) biletlərin də (20 manat) 25% i satılmayıb. Beləliklə, bu gün yola düşəcək Bakı-Balakən qatarının yola düşməsinə 1 saat qalmış doluluğu 65% olub. Ümid edirəm ADY 450 km yol gedəcək Bakı -Balakən qatarının az qala yarı dolu vəziyyətdə getməyinin fərqindədir. Doluluğun az olmasının yeganə səbəbi də qiymətlərin baha olmasıdır".


Xəbər xətti