İranın Baş Qərargah rəisi general Musəvi israilliləri “canlarını xilas etmək üçün” Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Musəvinin sözlərinə görə, indiyədək həyata keçirilən əməliyyatlar çəkindirmə üçün xəbərdarlıq idi və tezliklə İsrail rejiminə qarşı cəza əməliyyatı həyata keçiriləcək.
Bu arada ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset Ağ Evə gəlib və burada Donald Trampın Situasiya Otağında milli təhlükəsizlik komandası ilə görüşəcəyi gözlənilir.
"Axios"un sözlərinə görə, ABŞ prezidenti İranın nüvə obyektlərinə, xüsusilə də Fordodakı yeraltı uranın zənginləşdirilməsi zavoduna zərbə endirmək imkanını ciddi şəkildə nəzərdən keçirir. Bundan əvvəl Trampın bunkerləri və yeraltı obyektləri məhv etmək üçün İsrailə güclü bombalar ötürməyi düşündüyü də bildirilirdi.