"Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.
"Report" xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, müdafiə tərəfinin vəsatəti təmin olunub və Ə.Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib.
Ə.Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan onlayn qoşulub.
Xatırladaq ki, bir müddət əvvəl Ə.Zeynallıda bir müddət əvvəl xərçəng xəstəliyi aşkar olunub. Həkimlərin rəyinə əsasən, dördüncü dərəcəli onkoloji xəstə olan Ə.Zeynallının müalicəsi həbsxana şəraitində mümkün deyil.
O, ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib.
Ə.Zeynallı, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.