Gəncə şəhərində meyxanaçı həbs edilib.
Ucnoqta.az Teleqraf-a istinadən xəbər verir ki, həbs edilən meyxanaçı "Fərid Gəncəli" ləqəbi ilə tanınan Fərid Salahovdur.
1992-ci il təvəllüdlü F. Salahov aprelin 22-də Gəncə şəhəri ərazisində 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Gəncə şəhər Narkoloji Dispanserində ondan götürülən analiz zamanı qanında marixuana aşkarlanıb.
O, ucadan nalayiq ifadələr işlədib, ictimai qaydanı pozub, polisin qanuni tələblərinə tabe olmayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən F. Salahov özünü təqsirli bilib. O ifadəsində göstərib ki, musiqiçidir, meyxana deməklə məşğuldur: “Şəkər xəstəsiyəm, lakin əlilliyim yoxdur. Faktiki evli olsam da, nikahımı rəsmləşdirməmişəm. 2-3 il ildir narkotik vasitədən istifadə edirəm. Məclislərdə meyxana deyirəm, bəzi hallarda uyğun olmayan sözlər işlədirəm. Buna görə peşmanam. Xeyli vaxtdır, narkotik vasitə marixuana qəbul edirəm. Narkotikə görə polis tərəfindən saxlanılan zaman küçədə ucadan nalayiq sözlər işlətmişəm, polisin tələbinə tabe olmamışam”.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə o 15 gün müddətində inzibati qaydada həbs edilib.