Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi bağlı məhkəmənin hazırlıq iclası keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Ə.Məmmədlinin vəkili Elçin Sadıqov məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini və müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib.
Vəsatətlər təmin edilməyib.
Prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Baxış iclası sentyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir.
Məlumata görə, mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb.
İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub. Əhməd Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.