Yunanıstandan Türkiyənin İzmir şəhərinə gedən turist avtobusunda olan 37 sərnişin yol qəzası nəticəsində xəsarət alıb.
Ucnoqta.az "A haber"ə istinadən xəbər verir ki, üç nəfərin vəziyyəti ağırdır.
Özəl şirkətə məxsus avtobus yerli turistləri Yunanıstandan qayıtdıqdan sonra İzmirə apararkən səhər tezdən sürücü idarəetməni itirərək sürüşərək yoldan çıxıb. Qəza Çanaqqala vilayətində baş verib. Avtobus dərəyə aşıb.
Avtomobildə sürücü və xidmət personalı da daxil olmaqla ümumilikdə 42 nəfər olub. Bəzi sərnişinlərə yerində tibbi yardım göstərilib, bir çoxu isə yaxınlıqdakı xəstəxanalara göndərilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb. Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib.