Azərbaycanın ən böyük un istehsalçısı şirkəti cərimələndi

10:37 - 4 Fevral 2025 - Xəbər

Azərbaycanın ən böyük arqoholdinqlərindən sayılan “Karat Holding” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, özündə qida, aqro, sənaye, tikinti, turizm sahələrini birləşdirən holdinq daha çox un istehsalı ilə tanınır. “Karat Holding” MMC 2006-cı ildə sabiq deputat Əsabil Qasımov tərəfindən yaradılıb. Holdinqə rəhbərliyi keçmiş deputatın oğlu, iş adamı Taleh Qasımov həyata keçirir. Şirkətin hazırda qanuni təmsilçisi isə Əsabil Qasımovun qaynı İqdam Umudovdur.

Mediada gedən məlumatlara görə, holdinqin tərkibinə aşağıdakı şirkətlər daxildir:

1. Karat MTK (tikinti şirkəti)
2. İdeal MMC (tikinti şirkəti)
3. Azİnvest (tikinti şirkəti)
4. Everest-M (tikinti materialları biznesi)
5. Şin Servis (armatur biznesi)
6. Aveta MMC (un istehsalı)
7. Karmen MMC dəyirmanı
8. Hökməli Makaron Fabriki
9. Hökməli Kisə Fabriki
10. ASTEL MMC Quşçuluq Fabrikləri (Şamaxıda, Abşeronun Məhəmmədi və Mehdabad qəsəbələrində)
11. Gəncə Fatoğlu un dəyirmanı
12. Marina Plaza oteli
13. Premium market
14. İzmir MMC (tikinti şirkəti)
15. Seymur MMC (Dəllər Un dəyirmanı)

Bundan başqa, Taleh Qasımov “Sanatoriy İstoçnik Kislovodsk” MMC-nin təsisçilərindən biridir. MMC 30 mart 2017-ci ildən fəaliyyətdədir. Hüquqi ünvanı Kislovodsk şəhəri, Pobeda prospekti 20 ünvanında yerləşir. Taleh Qasımov həm də 2019-cu ildə təsis edilən “Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri seçilib.

Xəbər xətti