"Ölkədə vətəndaşların yaşadıqları evlərin, torpaqların sənədləşmə ilə bağlı ciddi problemlər var və bu, hər zaman gündəmdədir. Ölkə prezidenti tərəfindən də məsələnin həlli ilə bağlı sərəncam da imzalanıb. Doğurdan da məsələnin həll olunmamasının ciddi obyektiv səbəbləri var. Amma bu məsələdə daha sürətli, məsləhətli və məşvərətli işin aparılması mümkündür”.
Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib. O bildirib ki, cəmiyyətin müxtəlif təbəqələrinin bu prosesin iştirakçısı olmasında və mütəmadi olaraq görülən işlərlə bağlı da məlumatlar almasında fayda var: “Amma əsaslı və yenilənmiş məlumatlar tapmaq çətindir. Məsələnin daha da uzanmasının qarşısını almaq, mövcud problemlərə baxış keçirmək və aidiyyəti dövlət orqanları ilə birlikdə işləmək vacibdir. Bunun üçün də Parlament üzvlərindən ibarət bir tərkib yaradıb məsələnin mövcud durumunu öyrənmək, müzakirələr aparmaq və təkliflər planının daha da təkmilləşdirilməsində fayda görürəm. Bu məsələləri burada qaldırırıq, söz olaraq qalır, görülən işlərlə bağlı da məlumatımız olmur. Onun üçün də məsələnin həlli yönümündə Parlamentin də iştirakında fayda görürəm”.
R.Nurullayev davamında bildirdi ki, evlərin sənədləşmə prosesinin ikinci ən ağır tərəfi isə rayon, qəsəbə və kənd evləri ilə bağlıdır: “Adamlar evini tikib, düz 50-60 ildir ki, yaşayırlar. Amma, evlərinə sənəd ya vaxtında düzəltməyiblər, ya da süründürməçilik ilə üzləşiblər. Fakt budur ki, xüsusən də aran rayonlarında yaşayan kənd əhalisinin evlərinin sənədləri yoxdur və onu düzəltmək üçün də həm böyük xərc, xeyli sənəd toplama və zaman tələb olunur. Bir neçə aylıq səylərdən sonra məsələ keçir süründürməçiliyə, məsuliyyətsizlik və diqqətsizliyə. Kəndçi də həm hüquqi biliklərinin olmaması, vəkil tutmağa pulunun kasadlığı və buna bənzər digər səbəblərdən sənədləşmə işini yarımçıq qoyur və məsələ sıfır nöqtəsinə dönür. Bu səbəbdən bir çox insanlar evlərinə qaz xətləri də çəkə bilmir. Çünki, ASAN Xidmət konkret sənədlərlə və tam olaraq qanuna söykənərək işləyir və o xidmətdə xahişlə məsələ həll olunmur”.
Deputat məsələ ilə bağlı konkret təşəbbüslə çıxış etdi:
“Təklifim budur ki, bu məsələ ilə bağlı da təklif etdiyim deputat tərkibi məşğul olsun və sadələşdirici və təmərküzləşdirici təkliflərini hazırlayıb təqdim etsin.
Üçüncü ağır məsələ torpaqların sürüşməsi ilə bağlıdır. Vətəndaşlar torpaq alıb ev tikib, yaxud digər məqsədlər üçün istifadə edir. Elə torpaqlar var ki, az qala 50-100 metr sürüşüb. Əgər yeni geolokasiya parametrlərinə görə sənədləşmələr aparılsa, yalan olmasın gərək 30-40 faiz evlər, obyektlər sökülə. Bu problemlərlə bağlı xeyli sayda məhkəmə işləri var. Amma, etiraf edək ki, məsələnin həlli çox çətindir. Lakin, təbii ki, çıxış yolu olmamış deyil və istərdim ki, təklif etdiyim deputatlardan ibarət tərkib bu məsələ ilə də bağlı məşğul olub təkliflərini hazırlasın.
Sonunda, müvafiq qurumların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə böyük tərkibdə tədbirin keçirilməsini və tövsiyələrin də təqdim olunmasını təklif edirəm”.
Spiker Sahibə Qafarova deputat həmkarının qaldırdığı məsələlərlə bağlı işçi qaydada müzakirələr aparılacağını vurğuladı.///musavat