"İşlərimiz düz getmir" - Qurban Qurbanov

22:16 - 2 Fevral 2025 - İDMAN

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 21-ci turunda səfərdə "Zirə"yə 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Ucnoqta.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib: 

- "Zirə"ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nədirsə, işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. "Zirə" layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Bu gün beş əvəzetmə etdiniz. Oyunun gedişatı sizi qane etmirdi?

- Həm oyunun gedişatına görə idi, həm də bəzi oyunçuların hazırlığı istədiyimiz səviyyədə deyil. Bu gün əslində Benzia ilə Zubiri meydana buraxmaq istəməzdim. Onların istirahətə daha çox ehtiyacı var. Futbolda belə hallar olur.

- "Qarabağ"ın ard-arda bu qədər məğlubiyyətlərini xatırlamırıq. Bunun səbəbi nədir?

- Çatışmayan cəhətlər var, yəqin səhvlərimiz çoxdur. İnşallah, qayıdacağıq.

- Benzianın ayrılacağı ilə bağlı xəbərlər var. Bunlar nə dərəcədə realdır?

- Doğru deyil, Benzia komandadadır. ///sportal.az

Xəbər xətti