Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması işləri aparılır.
Bu barədə "Report"un sorğusunun cavabında aeroportdan bildirilib.
Məlumata görə, tikinti prosesinə başlanma tarixi bu mərhələnin tamamlanmasından sonra müəyyən ediləcək: "Yeni terminalın istifadəyə verilməsi nəticəsində hava limanının sərnişin buraxılış qabiliyyəti əhəmiyyətli dərəcədə artacaq".
"2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportu 7,537 milyon sərnişinə xidmət göstərib ki, bu da əvvəlki illə müqayisədə 31 % çoxdur. Artan sərnişin axını və beynəlxalq uçuşların çoxalması yeni terminalın inşasını zəruri edir. Bu layihə hava nəqliyyatı infrastrukturunun genişləndirilməsinə mühüm töhfə verəcək və Azərbaycanın beynəlxalq aviasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu 1980-ci illərdə inşa olunub, lakin bu vaxt ərzində çoxsaylı yenidənqurmalar və modernizasiya işləri görülüb. 2004-cü ildə, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını alıb. Aeroportun əsas terminalı 2014-cü ildə tamamilə yenidən tikilərək sərnişinlər üçün daha rahat və texnoloji baxımdan inkişaf etmiş bir mühit yaradıb. Müasir dizaynı və yüksək texnologiyalarla təchiz olunması onu bölgənin ən müasir hava limanlarından birinə çevirib. Aeroportda 4 mindən çox uzunluqda olan iki uçuş zolağı var ki, bu da ən böyük təyyarələrin belə enib-qalxmasına imkan yaradır. Aeroportda hazırda 2 terminal fəaliyyət göstərir. Terminallar beynəlxalq və yerli uçuşlarla səyahət edən bütün sərnişinlərə lazım olan bütün xidmətlərini təqdim edir. Terminal 1-in ərazisi 65 000 m2, Terminal 2-nin ərazisi isə 60 000 m2 ərazini əhatə edir.
2024-cü ildə Heydər Əliyev Beynəlxalq Aeroportundan 59 238 uçuş həyata keçirilib, marşrut şəbəkəsi isə 80 istiqaməti əhatə edib. Hava limanından sərnişinlərə 18-i aşağıbüdcəli (loukoster) olmaqla, 40 aviaşirkət vasitəsilə Avropa, Asiya və Yaxın Şərqi əhatə edən geniş səyahət imkanları təqdim olunub.
Beynəlxalq reyslərdə xarici aviaşirkətlər 3,495 milyon, milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" (AZAL) isə 3,314 milyon sərnişin daşıyıb. Xüsusilə tranzit daşımalarında yüksək artım qeydə alınıb. Belə ki, tranzit sərnişinlərin sayı 130 % artaraq 373 383 nəfərə çatıb.
Ötən il Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 2023-cü illə müqayisədə 24 % çox, yəni 3 419 reys həyata keçirilib. Bununla belə, bu istiqamətdə sərnişin dövriyyəsi cəmi 4 % artaraq 728 min nəfər təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council International, ACI Europe) sıralarına qoşulub. 2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards” beynəlxalq agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.