Alimlərin araşdırmasına görə, insan orqanizmində qocalma prosesi bütün orqanlarda eyni sürətlə getmir. Təxminən 50 yaşdan sonra bu proses sürətlənir və ən nəzərəçarpan dəyişikliklər qan damarlarında baş verir. Bu barədə “Popular Mechanics” nəşri məlumat yayıb.
Ucnoqta.az xəbər verir ki, tədqiqat zamanı 14–68 yaş aralığında olan 76 nəfərin müxtəlif orqanlarından götürülmüş toxuma nümunələri araşdırılıb. Nəticələr orqanların fərqli sürətlə qocaldığını göstərib.
Araşdırmaya əsasən, hormon istehsal edən böyrəküstü vəzlərdə qocalma əlamətləri təxminən 30 yaşdan etibarən müşahidə olunur. Alimlər həmçinin yaşlanma və xəstəliklərlə əlaqəli 48 zülalın səviyyəsində dəyişikliklər müəyyən ediblər.
Ən əhəmiyyətli dəyişikliklərdən bəziləri 45 və 55 yaşlarında qeydə alınıb. Xüsusilə aortada müşahidə olunan dəyişikliklər diqqət çəkib. Tədqiqatçılar qan damarlarının qocalmanı sürətləndirən molekulların orqanizm boyunca yayılmasında rol oynaya biləcəyini ehtimal edirlər.
Alimlər hesab edirlər ki, bu proseslərin daha dərindən öyrənilməsi gələcəkdə bioloji qocalmanı daha erkən müəyyənləşdirməyə imkan verə bilər. Qan analizləri vasitəsilə yaşlanma prosesi sürətlənmiş insanları müəyyənləşdirmək və bəzi xəstəliklərin riskini vaxtında qiymətləndirmək mümkün ola bilər.
Qeyd edək ki, əvvəlki araşdırmalarda xroniki yuxusuzluğun, eləcə də həddindən artıq uzun yatmağın daxili orqanların bioloji qocalması ilə əlaqəli ola biləcəyi müəyyən edilib.
