Bananın qiyməti iqlim hadisəsi “El-Ninyo” və geosiyasi gərginliklər səbəbindən arta bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Chiquita Brands International” şirkətinin baş direktoru Karlos Lopes Flores “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, banan istehsalı sektoru ekstremal hava şəraiti və geosiyasi sarsıntılarla üzləşir. Bu amillər tropik meyvənin istehsal xərclərini artırır.
Flores qeyd edib ki, 2027-ci ildə bananın daha az həcmdə satılması və qiymətinin yüksəlməsi ehtimalı var. Onun fikrincə, 2026-cı ilin sonu və 2027-ci ilin əvvəli sektor üçün olduqca çətin keçəcək.
Agentliyin məlumatına görə, bananın əsas tədarükçülərindən olan Latın Amerikasında “El-Ninyo” iqlim hadisəsi artıq təsirini göstərir. Belə ki, Peru və Ekvadorda yağan güclü yağışlar məhsulun zədələnməsinə və yolların yuyulmasına səbəb ola bilər.
Qeyd edək ki, “El-Ninyo” Sakit okeanın mərkəzi və şərq hissələrində suyun üst qatının temperaturunun kəskin yüksəlməsi ilə xarakterizə olunan iqlim hadisəsidir. Bu proses qlobal iqlim sistemində dəyişikliklərə səbəb olur.
Ümumdünya Meteorologiya Təşkilatının sentyabrın əvvəlində yaydığı məlumata görə, “El-Ninyo”nun 2027-ci ilin fevralınadək davam etməsi ehtimalı təxminən 100 faizdir. Təşkilat hadisənin yaxın aylarda çox güclü olacağını və cari ilin sonlarında pik həddə çatacağını proqnozlaşdırıb.
