Niderland hökuməti 2035-ci ilədək dövlət idarəetmə aparatında təxminən 25 min ştat vahidini ixtisar etməyi planlaşdırır. Bu addım 3,5 milyard avroya qənaət tədbirləri çərçivəsində nəzərdə tutulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üzrə dövlət katibi Erik van der Burq məlumat verib.
Onun sözlərinə görə, ixtisarlarla bağlı rəqəm ilkin qiymətləndirmədir və ətraflı planlar daha sonra açıqlanacaq. Hazırda dövlət sektorunda 160 min nəfər çalışır. Beləliklə, nəzərdə tutulan ixtisar ümumi ştatların 20 faizindən azını təşkil edir.
Rəsminin sözlərinə görə, bəzi qurumlarda iş yerlərinin 20 faizinin, digərlərində isə 45-60 faizinin ixtisarı nəzərdən keçirilir.
Hökumət yeni işçilərin işə qəbuluna tam qadağa qoymağı planlaşdırmır. Bunun əvəzinə, işdən ayrılan əməkdaşların yerinə yeni işçi götürülməsinin zəruriliyi ayrıca qiymətləndiriləcək, yüksək xərcli kənar mütəxəssislərin xidmətlərindən istifadə azaldılacaq və rəqəmsal həllərin tətbiqi genişləndiriləcək.
