ABŞ hərbçiləri təhlükəsizlik narahatlıqları səbəbindən Yaponiyanın Okinava prefekturasında yerləşən Kadena aviabazasına Çinin BYD şirkətinin istehsalı olan avtomobillərin girişini qadağan ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Japan Times” qəzeti məlumat yayıb.
Məlumata görə, məhdudiyyət oktyabrın 26-dan qüvvəyə minib və hələlik yalnız ABŞ Hərbi Hava Qüvvələrinin regiondakı ən böyük bazalarından biri olan Kadena aviabazasına şamil edilir. Qərar Çin avtomobillərindəki ağıllı texnologiyaların istifadəsi ilə bağlı təhlükəsizlik narahatlıqları fonunda qəbul olunub.
Yaponiyada ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi, polkovnik Con Severns bildirib ki, hərbi obyektlərin komandirləri şəxsi heyətin, infrastrukturun və əməliyyatların təhlükəsizliyini təmin etmək üçün risklərin qiymətləndirilməsinə əsasən müvafiq tədbirlər görə bilərlər.
Nəşrin məlumatına görə, Pentaqon iyun ayında BYD-ni 188 Çin şirkətinin yer aldığı qara siyahıya daxil edib. Bu qərar həmin şirkətlərdən birbaşa məhsul alınmasını və onlarla müqavilə bağlanmasını qadağan edir.
Qəzet qeyd edir ki, Kadena aviabazası ABŞ-ın regiondakı hərbi əməliyyatlarında mühüm rol oynayır. Bazada 1 600 kilometrədək məsafədəki hədəfləri vura bilən “Tomahawk” qanadlı raketlərinin buraxılması üçün nəzərdə tutulan “Typhon” raket kompleksi də yerləşir.
