Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası klassik şahmatda vaxt nəzarətinin azaldılmasını nəzərdə tutan qətnaməni dəstəkləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qətnamə İslandiya Şahmat Federasiyasının təklifi əsasında qəbul edilib. Bununla belə, qərar qaydaların dərhal dəyişdirilməsi demək deyil. Konkret qaydalara dəyişiklik etmək FIDE Şurasının səlahiyyətindədir.
FIDE Şurası qısaldılmış vaxt nəzarətinin tətbiqini nəzərdə tutan normativ sənədlər hazırlayaraq müzakirəyə və təsdiqə təqdim edəcək. Təklifə əsasən, hər gedişə 30 saniyə əlavə olunmaqla 60 dəqiqəlik vaxt nəzarətinin tətbiqi üçün artıq xüsusi icazə tələb edilməyəcək. Müəyyən hallarda isə 45 dəqiqə və hər gedişə 30 saniyə əlavə vaxt formatına da icazə veriləcək.
Eyni zamanda, titul və norma hesablanan turnirlərdə gündə ikidən çox partiyanın keçirilməməsi, qısaldılmış klassik vaxt nəzarəti ilə keçirilən turnirdə isə birdən artıq norma əldə edilməməsi ilə bağlı məhdudiyyətlər qüvvədə qalacaq.
