Nüvə silahı və süni intellektdən (Sİ) cinayət məqsədləri üçün istifadə bəşəriyyət üçün əsas risklər sırasında göstərilib.
Ucnoqta.az xəbər verir ki, “The Lancet” jurnalında dərc olunan araşdırmaya görə, Yer kürəsinin əhalisini 300-dən çox müxtəlif təhlükə gözləyir. Tədqiqat müəllifləri bu riskləri dörd kateqoriyaya bölüblər. İlk iki kateqoriyaya daxil olan təhlükələrin bəşəriyyətin məhvinə səbəb ola biləcəyi qeyd edilib.
Birinci kateqoriyaya nüvə münaqişəsi nəticəsində yarana biləcək nüvə qışı və kütləvi aclıq, eləcə də süni intellektdən bioloji silahların hazırlanmasında istifadə daxildir.
İkinci kateqoriyaya isə 2100-cü ilədək sağlam həyat illərinin bir milyarddan çox azalmasına səbəb ola biləcək risklər aid edilib. Bunlara havanın çirklənməsi, antimikrob preparatlara davamlılıq, uşaqlar arasında qeyri-kafi qidalanma, iqlim dəyişikliyi, pandemiyalar, adi silahlı münaqişələr və beynəlxalq səhiyyə yardımının dayandırılması daxildir.
Araşdırmada həmçinin alkoqol asılılığı, yüksək qan təzyiqi, gəlir bərabərsizliyi, təhsilin aşağı səviyyəsi, piylənmə, psixi sağlamlıq problemləri, siqaret istifadəsi və sağlam qocalma ilə bağlı çətinliklər də əsas risklər sırasında göstərilib.
