Məktəbin nəticəsinə deyil, təhsilin səviyyəsinə baxırıq
Ucnoqta.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında təmayül siniflərinin əsas məqsədləri barədə danışıb.
Nazir bildirib ki, təhsil sistemində əsas hədəf ayrı-ayrı məktəblərin nəticələrini müqayisə etmək deyil, şagirdlərə verilən təhsilin keyfiyyətini yüksəltməkdir.
“Biz məktəbin nəticəsinə baxmırıq, bizim üçün təhsilin səviyyəsi önəmlidir”, – deyə Emin Əmrullayev vurğulayıb.
Onun sözlərinə görə, təmayül təhsil modelinin əsas məqsədlərindən biri gələcəkdə ali təhsil almaq istəyən hər bir şagird üçün məktəbdə daha yaxşı hazırlıq imkanlarının yaradılmasıdır.
Nazir qeyd edib ki, şagird istədiyi halda təmayül sinfində təhsil alaraq ali məktəbə hazırlığını məktəbdə davam etdirə bilər. Bununla yanaşı, repetitorluğun geniş yayılması məsələsinə də toxunan Əmrullayev bunun təhsil sistemində həll olunmalı problemlərdən biri olduğunu bildirib.
“Uşaqların adı məktəbdədir, amma özü repetitor yanındadır. Bu, səhvdir. Biz bunu həll etmək istəyirik”, – deyə nazir bildirib.
Emin Əmrullayevin sözlərinə görə, təmayül siniflərinin inkişaf etdirilməsi şagirdlərin təhsil səviyyəsinin yüksəldilməsinə, onların maraq və bacarıqlarına uyğun istiqamətdə hazırlanmasına və ali təhsilə keçid imkanlarının genişləndirilməsinə xidmət edir.
