Laçın rayonunun Sus kəndində – Həkəri çayının sahilində yerləşən “Çay kənarı” adlı restoran kompleksi sökülüb.
Ucnoqta.az Ölkə.az-a istinadən xəbər verir ki, buna səbəb kimi obyekt sahibinin Həkəriyə müdaxilə etməsi – çayın yataq hissəsinə daş doldurması göstərilib.
Məlumata görə, söküntü işlərini müvafiq dövlət qurumları həyata keçirib.
Məsələ ilə bağlı Ölkə.az-a danışan laçınlı ziyalı Qəzənfər Hüseynov bildirib ki, restoranın sahibi İsgəndər Qasımov öz hesabına Həkəri çayının sahilində bərkitmə işləri aparıb. Onun sözlərinə görə, məqsəd yaz aylarında çayda suyun səviyyəsinin qalxması nəticəsində ərazinin su basmasının qarşısını almaqdır:
“Çayın rahat axması üçün ərazi traktor vasitəsilə dərinləşdirilib və bu işlər sahilə və çaya zərər vermədən həyata keçirilib”.
Q.Hüseynov qeyd edib ki, sözügedən restoranın sahibi Laçınlı iş adamıdır və onun qardaşı Qarabağ qazisidir. O deyib ki, qardaşlar əvvəllər kənddə yaşayan və maddi çətinlik çəkən şəxslər olublar, sonradan özlərinə biznes qurublar, bunu inkişaf etdiriblər.
Onun sözlərinə görə, Həkəri çayının kənarında yerləşən restoran Bakıdan, eləcə də xarici ölkələrdən, o cümlədən Rusiya və ABŞ-dan gələn qonaqların üstünlük verdiyi məkanlardan biridir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, Həkəri çayı dağlıq ərazidən keçdiyindən hövzəsində formalaşan səth axınları, xüsusilə intensiv və normadan artıq yağıntılar nəticəsində çayda su sərfinin və səviyyəsinin əhəmiyyətli dərəcədə artması müşahidə olunur:
“Belə hava şəraitinin təsiri nəticəsində çayda suyun səviyyəsinin sürətlə yüksəlməsi, çay məcrasının ayrı-ayrı hissələrində su axınının intensivləşməsi, məcraya lil, daş, çınqıl və digər gətirmələrin daxil olması və nəticədə, çayın suötürmə qabiliyyətinin azalması səbəbindən sel və daşqın hadisələri baş verir.
Aparılan məcra dərinləşdirmə işlərinin əsas məqsədi intensiv və normadan artıq yağıntılar nəticəsində Həkəri çayında su səviyyəsinin və su sərfinin kəskin artması zamanı çayın təhlükəsiz suötürmə qabiliyyətinin təmin edilməsi, sel və daşqın hadisələri nəticəsində yarana biləcək təhlükələrin və mümkün zərərin minimuma endirilməsi, habelə çay məcrasının normal hidravlik rejiminin bərpasıdır”.
