Kənd təsərrüfatına ayrılan hər manatın arxasında bir məqsəd dayanmalıdır: istehsalçıya nəfəs vermək. Xüsusilə də kiçik fermerə. Çünki kənddə yüzlərlə hektar torpağı, minlərlə heyvanı olan böyük təsərrüfatdan daha çox, bir neçə baş mal-qarası, bir neçə hektar sahəsi ilə ailəsini dolandıran kəndli yaşayır. Onun üçün 200, 500, hətta 1000 manatlıq dəstəyin belə real əhəmiyyəti var.
Ona görə də subsidiya mexanizminin əsas sualı “nə qədər pul veriləcək?” yox, “kim bu puldan yararlana biləcək?” olmalıdır.
Xəbər verildiyi kimi, Kənd Təsərrüfatı Nazirliyi diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə, kəsim zamanı hər kq diri çəki üzrə 0,4 manat (40 qəpik) məhsul subsidiyası veriləcək – yəni, 600 kq diri çəkisi olan heyvan kəsəndə 240 manat subsidiya.
Ucnoqta.az xəbər verir ki, Real partiyasının sədri Natiq Cəfərli bildirir ki, Azərbaycanda kəsim üçün nəzərdə tutulan bəslənən heyvanları, ortalama, 300-350 kq diri çəkisi olanda kəsirlər:
“Məmurlar mal saxlayan, məsələn, Məhəmməd dayıya deyirlər ki, 350 kq olanda kəsmə, onları yedizdir, 600 kq olanda kəs, sənə 240 manat subsidiya verəcək – yəni, güya, Məhəmməd dayını təşviq edirlər. İngilis dilini bilməyən, amma, mal-qaranın dilini-dərdini yaxşı bilən Məhəmməd dayı indi otutub hesablayır ki, öz cöngəsinin çəkisini daha 250 kq artırmaq, onu bordamaq üçün (bu sözü məmurlar bilməz) daha çox yem lazımdır. Ətlik üçün bəslənən dana gündə ortalama 25–50 kiloqram arasında ümumi yem (ot, silos və qüvvəli yem qarışığı) istehlak edir. Dayı öz danasını, bir il bəsləməlidir ki, çəkisi 350 kq-dan, 600 kq-ya gəlsin.
Bu da gündə:
– Qüvvəli yem və kəpək: 5–7 kq (1 kq 0.45–0.60 AZN), 2.50 – 4.00 AZN
– Qaba yem (Yonca, ot, saman balyası): 10–12 kq, 1.50 – 2.50 AZN
– Silos/Çuğundur jomu və mineral qatqılar: 0.50 – 1.00 AZN
– Cəmi günlük xərc: 4.50 – 7.50 AZN (aylıq təxminən 140 – 220 AZN)”
Partiya sədri bildirir ki, Məhəmməd dayı 1 il danasını əvvəl kəsdiyi normadan artıq bəsləyib 600 kq çəkəyə çatdırmaq üçün, ildə, hardasa, 1500-2000 manat xərcləməlidir (hələ mən bunun əziyyətini, zülmnü demirəm) ki, axırda ingilisdilli məmurlar ona 240 manat versin:
“Şəhərdə böyüyən, camışa “əjdaha” deyən nəslin ingilis dilini bilən, xalqın dilini isə öyrənə bilməyən nümayəndələri, belə bir subsidiyalaşma düşünüblər…”
