Bir çox insan sağlam qidalanmaq istəyərkən bəzi məhsulları yanlış olaraq rasionundan tamamilə çıxarır. Halbuki düzgün hazırlanmış və ölçülü şəkildə istehlak edilən bəzi “pis” qidalar orqanizm üçün faydalı ola bilər.
Ucnoqta.az xəbər verir ki, dondurulmuş tərəvəz və meyvələr faydalı maddələrin qorunması baxımından heç də təzə məhsullardan geri qalmaya bilər. Onlar adətən yığıldıqdan qısa müddət sonra dondurulduğu üçün uzunmüddətli daşınma zamanı vitamin itkisi daha az ola bilər.
Popkorn da haqsız yerə zərərli hesab edilir. Evdə az miqdarda yağla hazırlanan popkorn lif və polifenollarla zəngin ola bilər. Lakin hazır mikrodalğalı popkornlarda yüksək duz və arzuolunmaz yağların miqdarına diqqət etmək lazımdır.
Kartof da kökəldən məhsul kimi tanınsa da, 100 qramında təxminən 80 kilokalori var. Onu yüksək kalorili əlavələr olmadan, məsələn, qaynadılmış şəkildə istehlak etmək daha məqsədəuyğundur.
Təbii kakao şəkər və süd tozu əlavə edilmədən istifadə edildikdə antioksidantlar, vitaminlər və minerallarla zəngin məhsul hesab olunur.
Qəhvə isə normada qəbul edildikdə tərkibindəki polifenollar sayəsində orqanizm üçün faydalı ola bilər. Lakin kofeinə həssas insanların qəhvə qəbulunda fərdi reaksiyalarını nəzərə almaları vacibdir.
